“UNİCO” şirkəti tələbələrə öz layihələri ilə tanışlıq imkanı yaradacaq

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə “UNİCO” QSC tikinti şirkətinin nümayəndələri tələbələrlə görüşüb.

 

Şirkətin fəaliyyətindən və həyata keçirdiyi layihələrdən bəhs edən videoçarx nümayiş olunduqdan sonra qurumun İnsan resursları və inzibati məsələləri üzrə meneceri Kamil Hüseynov təqdimatla çıxış edib. Şirkətin yaranma tarixindən, nailiyyətlərindən, müxtəlif layihələrdə iştirakından danışan K.Hüseynov işğaldan azad olunmuş Ağdam ərazisində orta məktəb tikintisinin icrasını həyata keçirdiklərini bildirib.

 

Çıxışında K.Hüseynov tikinti şirkətinin 2022-ci il üçün elan etdiyi “Gələcəyə addım” təcrübə proqramı barədə ətraflı məlumat verib. O, iyun ayından start götürəcək proqram çərçivəsində tələbələrə müvafiq sahələr üzrə ofis daxili və layihələr çərçivəsində görülən işlərlə daha da yaxından tanış olmaq, həmçinin həmin proseslərin gündəlik fəaliyyətində iştirak etmək imkanının yaradılacağını vurğulayıb.

 

Diqqətə çatdırılıb ki, proqrama Satınalma, Kommersiya, Dizayn, Memarlıq, Sahə mühəndisliyi, İnşaat mühəndisliyi, Sənaye və mülki tikinti, Bina və qurğuların tikintisinin təşkili və texnologiyası, Şəhərsalma və Tikinti iqtisadiyyatı ixtisaslarında təhsil alan, həmçinin təhsil göstəriciləri yüksək olan tələbələr müraciət edə bilər.

 

Görüşdə memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov, Təcrübə şöbəsinin müdiri Həzi Qasımov, Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimova iştirak edib.

 

İnteraktiv formada davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Sonda BMU tələbələrinin istehsalat təcrübələrinin təşkili ilə bağlı gələcək əməkdaşlıq imkanları müzakirə olunub. 

 



13.05.2022 | 12:40