668 şagirdin imtahan ballarında dəyişiklik edilib

5-6 mart tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya komissiyasının məlumatı açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, komissiyaya 5935 şagird ərizə ilə müraciət edib. 427 nəfər öz ərziəsini təsdiq etməsə də, onların da müraciətləri araşdırılıb və müvafiq qərarlar verilib.

 

Apelyasiya komissiyasına daxil olan ərizələrdə, ümumilikdə 23304 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Bu imtahanlarda şagirdlərin ümumilikdə 1145424 tapşırıq üzrə yazı işi yoxlanılıb.

 

Şagirdlərin apelyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 2114 nəfərlə video görüntü ("Zoom" proqramından istifadə etməklə) vasitəsilə, 3621 nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. 200-ə yaxın şagirdlə isə əlaqə yaratmaq mümkün olmayıb.

 

Apelyasiyaya müraciət edənlərdən 668 şagirdin (bütün imtahan verənlərin 1,4%-i) cəmi 743 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah olunub. 126 işdə edilmiş düzəlişlər imtahan verənin yazılı cavab tələb edən tapşırığın həllini (və ya cavabını) başqa yazılı cavab tələb edən tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

 

Qurumdan o da bildirilib ki, dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.

 

12-13 mart tarixlərində keçirilmiş imtahanlarla bağlı isə artıq müraciətlərin təqribən 60%-dən çoxu araşdırılıb. Bəzi müraciətlərin telefonla cavablandırılmasına başlanılıb. “Zoom”la olan görüşlər isə həftə sonundan etibarən təşkil edilməyə başlanılacaq.  

 

3 aprel tarixində keçirilmiş imtahanın nəticələri ilə bağlı edilən müraciətlərin araşdırılmasına gəldikdə, bu  növbəti həftəyə nəzərdə tutulub.

 



17.05.2022 | 10:00