ADPU və GRUNİ arasında virtual mübadilə davam edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq layihələr və qrantlar şöbəsinin təşəbbüsü, Xarici Dillər Mərkəzinin dəstəyi əsasında  Gürcüstanın Tbilisi şəhərində yerləşən Qriqol Robakidze Universiteti (GRUNİ) ilə birgə virtual mübadilə layihəsi davam edir.

 

Layihə çərçivəsində növbəti birgə virtual dərs olub. ADPU-nun Xarici Dillər Mərkəzinin müəllimləri Mirvari Qasımova və Yasəmən Babayeva “Brands” mövzusunda interaktiv praktik dərs keçiblər. Dərsin əsas məqsədi mövzu ilə bağlı spesifik lüğətin (yeni sözlərin) mənimsədilməsi, praktik çalışma və müzakirə yolu ilə sözlərin möhkəmləndirilməsi idi.

 

Dərs məşhur brendlərə dair kiçik müzakirə ilə başlayıb, sonra yeni sözlər və onların mənasına dair təqdimat olub. Mövzuya dair autentik dinləmə materialı ilə qavrama vərdişi üzərində iş aparılıb. Dinləyərək anlamanın yoxlanılması video material əsasında tərtib edilmiş doğru-yalnış tipli sualların müzakirəsi, lüğətin möhkəmləndirilməsi isə yeni sözlərə dair kvizin qrup şəklində işlənilməsi ilə həyata keçirilib.

 

Dərsin köməkçi məqsədləri - məşhur brendlər, onların yaranma tarixi və məqsədləri barədə fikir formalaşdırmaq, dinləmə ilə qavrama vərdişlərini, müzakirə ilə şifahi nitq vərdişlərini məşq etdirmək idi.

 

Növbəti birgə virtual dərs mayın 21-də keçiriləcək. Virtual mübadilə çərçivəsində bu son dərs gürcü həmkarlar tərəfindən aparılacaq.

 

 



17.05.2022 | 16:39