Azərbaycan Basketbol Federasiyasının yeni loqosu və milli komandanın formaları təqdim edilib

Mayın 17-də Azərbaycan Basketbol Federasiyası son 5 ay ərzində görülmüş işlərlə bağlı hesabat verib, planlaşdırılan mühüm layihələr, atılacaq addımlar haqqında ictimaiyyəti məlumatlandırıb. 
 

Tədbirdə təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Komitənin baş katibi Azər Əliyev, eləcə də digər rəsmilər, ali təhsil müəssisələrinin rektorları və basketbol ictimaiyyətinin üzvləri iştirak ediblər. 


Tədbirdə Emin Əmrullayev  federasiyaya prezident seçildiyi tarixdən ötən dövr ərzində idmanın basketbol növündə görülən işlər, qarşıda duran planlar haqqında məlumat verib.
 

Emin Əmrullayev təhsil sistemi ilə basketbolun vəhdətinin təşkili üçün çalışdıqlarını bildirib. Federasiya prezidenti qeyd edib ki, basketbol idman növünə maraq böyükdür, amma uşaqlar arasında kütləviliyinin təmin olunması üçün məqsədyönlü işlərin görülməsi vacibdir. Bununla yanaşı, gənc idmançıların həm idmanla məşğul olması, eyni zamanda təhsilə diqqət etmələri üçün işlər görülməlidir. Uğur əldə etmək üçün intellekt də önəmlidir. Təhsil Nazirliyi olaraq məktəblərdə basketbolun inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Uşaq basketbolu üzrə dünyanın tanınmış mütəxəssislərini də cəlb etmək və onlarla uzunmüddətli əməkdaşlıq etmək planlaşdırılır.


Daha sonra federasiyanın yeni loqosu və milli komandanın formaları təqdim edilib. Loqoda basketbol topu, meydançası, bayraq lentləri və buta simvolu əks olunub. Qeyd edilib ki, loqodan veb-saytlarda, milli komandanın formalarında istifadə ediləcək. Formalarda Azərbaycan yazısı və oyunçuların soyadı göstərilib.
 

Tədbirdə həmçinin federasiyasının yeni devizi- "Yeni nəfəs, yeni başlanğıc” da təqdim edilib.


Təqdimat zamanı 4 aylıq seleksiya işlərinin yekunları barədə məlumat verilib və bildirilib ki, fevral ayının əvvəlindən yerli mütəxəssislərin köməyi ilə ölkə üzrə 6 zonada seminarlar keçirilib. Növbəti ildən isə artıq seleksiya vasitəsilə seçilmiş uşaqlar üçün basketbol sinifləri də yaradılacaq.

 



17.05.2022 | 18:52