Litva Respublikasının birinci xanımı Azərbaycan Dövlət İqtisad Universitetində

Litva Respublikasının birinci xanımı Diana Nauseda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

 

Birinci xanımı və onun rəhbərlik etdiyi nümayəndə heyətini UNEC-də mədəniyyət naziri Anar Kərimov və universitetin rektoru, professor Ədalət Muradov qarşılayıb.

 

Səfər çərçivəsində birinci xanım Diana Nauseda UNEC şəhidlərinin Memorial Kompleksini ziyarət edib, Ekstern Mərkəzi və Bloomberg laboratoriyası ilə tanış olub. Qonağa mərkəzin və laboratoriyanın fəaliyyəti, eləcə də UNEC-in təhsil imkanları, beynəlxalq əlaqələri, Litva ali təhsil müəssisələri ilə ikili diplom və mübadilə proqramları barədə ətraflı məlumat verilib.

 

Sonra 1909-1920-ci illərdə ölkəmizdə ilk konsul olmuş litvalı yazıçı Vintsas Krevenin adına UNEC-də yaradılan auditoriyanın və barelyefin açılışı olub.

 

Rektor Ə.Muradov Vintsas Krevenin Azərbaycandakı diplomatik, eləcə də müəllimlik fəaliyyətindən danışıb, həmin dövrdə litvalı yazıçının UNEC-in yerləşdiyi binada dərs dediyini diqqətə çatdırıb. Rektor Litvanın tanınmış yazıçısı və diplomatının adına UNEC-də auditoriyanın yaradılmasının hər iki ölkə arasında mədəniyyət, elm, təhsil və digər sahələrdə dostluq, əməkdaşlıq münasibətlərinə töhfə verəcəyindən əminliyini bildirib.

 

Diana Nauseda Vintsas Krevenin adına auditoriyanın yaradılmasını hər iki ölkənin tarixi və mədəniyyətinin daha yaxından tanınması, eləcə də ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından yüksək qiymətləndirib. O, 2014-cü ildə Litva Təhsil Universitetində (indiki Vitautas Maqnus Universiteti) məşhur Azərbaycan şairi Nizami Gəncəvinin adına auditoriyanın yaradıldığını, 2018-ci ildən isə Vilnüs Universitetində Azərbaycan dili adına auditoriyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

 

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan və Litva arasındakı mədəni əlaqələrdən söz açıb. Litva ilə hərtərəfli əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkə üçün önəmini vurğulayıb.

 

Səfər çərçivəsində birinci xanım Diana Nauseda tələbələrlə də görüşüb.



18.05.2022 | 16:27