Həftəsonu 44500-ə yaxın abituriyent ali məktəblərə qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 21-də III ixtisas qrupu, mayın 22-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Mayın 22-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

 

DİM-dən bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 189 imtahan binası, 3322 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 189 ümumi imtahan rəhbəri, 544 imtahan rəhbəri, 4158 nəzarətçi–müəllim, 503 buraxılış rejimi əməkdaşı, 189 bina nümayəndəsi ayrılıb.

 

Mayın 21-də III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21521, mayın 22-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) üzrə keçiriləcək imtahanda isə 22878 nəfər olmaqla, ümumilikdə 44399 abituriyentin iştirakı nəzərdə tutulur.

 

İmtahanlarda 60 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

 

Qeyd edək ki, imtahanların gedişini işıqlandırmaq üçün 60 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

 

 



19.05.2022 | 15:28