Düşüncənin, fantaziyanın məhsulu

Altı-on yaş arası uşaqlar üçün qısa nağıl müsabiqəsi elan olunub. Nağıllar üçün mövzu məhdudiyyəti yoxdur. Müsabiqəyə sehrli nağıllarla yanaşı, həqiqətdə baş vermiş hadisələrə əsaslanan maraqlı və şən uşaq hekayələri da qəbul edilir.

 

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatı Elm və Təhsil İdarəsi rəisinin müavini Vüqar Haqverdiyev məlumat verib.

 

Bildirilib ki, müsabiqəyə göndərilən nağıl və ya hekayə uşağın düşüncələrinin, fantaziyasının məhsulu olmalı, böyüklər tərəfindən redaktə edilməməlidir. İştirakçıların köçürülmə və bənzətmə nağıllardan istifadə etmələri qadağandır. Müsabiqəyə 250 sözdən çox olmayan, əvvəllər çapdan çıxmayan yazılar qəbul edilir. Nağılın sonunda müəllifin adı, soyadı, yaşı, oxuduğu məktəb və sinfi qeyd olunmalıdır.

 

Yazılar (Word proqramında) sentyabrın 10-dək müəllifin şəkli (jpg formatında) ilə birgə “Facebook”dakı “Müasir uşaq nağılları” səhifəsinin “inbox”una göndərilməlidir. Müsabiqənin şərtinə cavab verən nağıllar həmin səhifədə yerləşdiriləcək. Qaliblər münsiflər heyəti tərəfindən seçiləcək. Oxucular tərəfindən ən çox bəyənilən üç yazının müəllifinə mükafatlar veriləcək. Nəticələr sentyabrın sonunda elan ediləcək.

 

Müsabiqədən sonra, uşaqların müəlliflik hüquqları qorunmaqla nağılların toplu halında çap edilməsi nəzərdə tutulub.



27.08.2018 | 17:39