“Postpandemiya dönəmində keçiriləcək imtahanlarda tələbələrə hər hansı güzəştlər edilməyəcək”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova rektorluq, müəllimlər və ictimai təşkilatların nümayəndələri ilə birgə imtahanöncəsi tələbələrlə görüşüb.

 

AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov bildirib ki, görüşün təşkilində məqsəd yaz semestrinin imtahanlarına tələbələrin hazırlıq səviyyəsini öyrənmək, onların imtahanlarla bağlı çətinlik və problemlərini dinləmək, suallarını cavablandırmaq,  imtahanlara hazırlıq prosesində qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaqdır. 
       

Rektor Gülçöhrə Məmmədova universitet rəhbərliyinin tələbələrlə görüşünün artıq ənənə halı aldığını, lakin COVID 19 pandemiyası səbəbindən belə  görüşlərin məhdudlaşdığını, müəyyən vaxtlarda onlayn keçirildiyini bildirib. G.Məmmədova pandemiyanın digər  sahələrdə olduğu kimi,  təhsil sisteminə, tədris prosesinə mənfi təsirinə toxunub, bütün çətinliklərə baxmayaraq universitetdə dərslərin uğurla aparıldığını, müəllim və tələbələrin aktivliyini xüsusi vurğulayıb. Yaz semestrində ənənəvi imtahanların təşkili qaydalarından danışan rektor artıq maska, imtahan zallarında say və digər məsələlərlə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını tələbələrin diqqətinə çatdırıb. Bildirib ki, postpandemiya dönəmində keçiriləcək imtahanlarda tələbələrə hər hansı güzəştlər edilməyəcək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunacaq. İmtahan nəticələrindən narazı qalan tələbələrin şikayətlərinin qısa zamanda araşdırılıb müvafiq qərar qəbul edilməsi üçün İmtahan qərargahı, Apelyasiya komissiyası yaradılacaq, hər bir müraciətə, şikayətə ayrı-ayrılıqda baxılacaq.

 

Rektor universitet rəhbərliyinin hər zaman tələbələri dinləməyə, fikir, təklif və şikayətini eşitməyə hazır olduğunu deyib:” Ənənəyə çevrilən belə görüşlərin sonunda söylənilən təkliflər, iradlar istiqamətində işlər görüləcək, tələbələrin istəyi nəzərə alınacaq”. 
         

Tədris işləri üzrə prorektor Akif Qasımov da imtahan sessiyasının təşkilindən, imtahanların test, yazılı və qabiliyyət tələb olunan ixtisaslarda özünəməxsus formada keçiriləcəyindən, tələbələrin imtahanlara hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnləri, fənlər üzrə imtahan suallarının artıq tələbələrin kabinetinə yerləşdirilməsindən danışıb.

         

Görüşdə, həmçinin qarşıda duran perspektivlər, Türkiyə və Avropa universitetləri ilə əməkdaşlıq, ikili diplom müqavilələri ilə bağlı yeniliklər ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin çoxsaylı sualları  cavablandırılıb, müraciət və təklifləri dinlənilib.

 



23.05.2022 | 13:21