Nobel mükafatı laureatı Corcio Parisi:”Uşaqlara erkən yaşdan sadələşdirilmiş formada elm öyrədilməlidir”

Bəzi insanlar övladlarının gələcək inkişafına öz həssas maraqlarını qoruyub saxlamağı bacarır, onları daim elmi araşdırmalara həvəsləndirə bilirlər. Bu məqalə 3 yaşında saymağı öyrənməyə başlayan  bir uşağın maraqlı elm səyahətindən bəhs edir. Elm yolunun yolçusu isə italiyalı Nobel mükafatı laureatı Corcio Parisidir.  

   

C.Parisi 2021-ci ildə ABŞ-ın Prinston Universitetindən Sykuro Manabe, Almaniyanın Maks Plank İnstitutundan Klaus Hasselmannla birlikdə  “mürəkkəb fiziki sistemləri anlamağa kömək edən tədqiqatlarına görə”   fizika  sahəsində   Nobel  mükafatına layiq görülüb. Mürəkkəb sistemlər və atmosfer xaosu C.Parisinin 1970-ci illərin sonlarından əsas tədqiqat mövzusu olub.  Alim “Xaosda nizam tapmaqdan daha maraqlı bir şey yoxdur”- deyir.
 

O, Romadakı La Sapiensa Universitetinin professoru, vitse-prezidentidir. Bir neçə il ərzində adıçəkilən ali məktəbin prezidenti olub. İtaliyanın ən qədim elmlər akademiyası - Dei Linçeya Milli Akademiyasının prezidenti və Milli Elm İnstitutunda tədqiqatçıdır. Nobel Mükafatları Komitəsinin rəsmi saytına (nobelprize.org) verdiyi müsahibəsində fizik təhsil həyatı,  elm barədə düşüncələrini, dünyamızın sirlərini həll etməyi  necə sevməsindən danışıb. C.Parisi həyat yolundan, fizikaya olan marağından, elmə konseptual baxışlarından  bəhs edir.

 

- Bizə bir az uşaqlığınızdan danışa bilərsinizmi? Həmişə, hətta uşaqlıqda da elmə maraq göstərmisinizmi?

- Bəli, gəlin bunu belə deyək. Çox dəqiq yaddaşım yoxdur, amma anam mənə deyir ki, üç yaşım olanda artıq rəqəmləri oxuya bilirdim. Tipik bir fəaliyyət o idi ki, biz avtovağzalda avtobus gözləyəndə stansiyaya gələn avtobusların sayını, onların nömrələrini əzbərdən bilirdim. Düşünürəm ki, bu,  doğrudur.  Əmin olduğum şey budur ki, ibtidai məktəbdə oxuyanda astronomiya ilə çox maraqlanırdım. Astronomiya ilə bağlı uşaq kitablarını, populyar  kitabları oxudum, planetlərin günəşdən hansı məsafədə yerləşməsi  haqqında təsəvvürüm, planetlərin diametrləri barədə  az-çox məlumatım var idi və s. 10 yaşımda isə  elmi fantastika oxumağa başladım.

 

- Fizik olmaq qərarına gəldiyiniz xüsusi an olubmu?

- Orta məktəbdə riyaziyyat və fizika ilə maraqlanırdım, amma daha çox qeyri-peşəkar kitablar oxuyurdum. Riyaziyyatın, fizikanın tarixindən bəhs edən kitablar  oxumuşam. Riyaziyyatın tarixinə aid bir kitab var idi ki, onu çox bəyəndim.
 

Orta məktəbi bitirəndən sonra universitetdə nə etməli olduğumu düşünməyə başladım. Atam mühəndis olmağımı istəyirdi. Mühəndisliyin kifayət qədər maraqlı olmayacağına inanırdım. Riyaziyyatda özümün çox yaxşı olduğumu bilirdim, amma o zaman riyaziyyatın nə etdiyi barədə düşüncəm çox da deyildi. Yəni, bu, mənim düşüncələrim idi, sonda fizikaya qərar verdim.

 

- Karyeranızın əvvəlində sizə təsir edən müəyyən bir insan, müəllim və ya nümunə olubmu?

- Xeyr, çox da deyil. 18 yaşıma kimi  insanlarla fizika və riyaziyyatdan danışmamışam. Düşünürəm ki, gördüyüm işdən razı qaldığım üçün onların axtarışlarında fəal olmadım. Bəzən kitabxanaya gedirdim, elmi ensiklopediyada hər hansı məsələnin mahiyyəti ilə bağlı məqalələri oxuyurdum, lakin bu mövzuda heç kimlə çox əlaqəm olmurdu. Deyərdim ki, mənə təsir edən evimizdəki mikroskop idi. Mənə kiçik bir mikroskop verdilər ki, orada çox kiçik heyvanları, adi gözlə görünməyən, bir millimetr ölçüdə əşyaları və s. müşahidə edim. Çirkli suyu toplayıb, mikroskopun içinə qoyub ona baxmağa çox vaxt sərf edirdim. Ona görə də hesab edirəm ki, təbiətin maraqlı, heyrətamiz olması yeni şeylər kəşf edə biləcəyiniz ideyalara  müsbət təsir göstərir. Lakin bu, fizika və ya riyaziyyatla tamamilə əlaqəsi olmayan bir şey idi. Bu mənada mən kiçik müşahidələrimlə özümü öyrədirdim.

 

- Anlaşılmaz elmi məqalələr və uşaq nağılları da yazırsınız...

- Əvvəlcə iki azyaşlı uşağım üçün yazdım, bu gün isə onları dörd yaşlı qardaşım oğlu üçün oxuyuram.

 

- Siz deyirsiniz ki, uşaqları elmə uşaq bağçasında öyrədirlər. Qardaşınız oğluna nəsə öyrədirsiniz?

- O, dinozavrlarla maraqlanır, deyir ki, böyüyəndə “dinozavr” olacağam. Amma hesab edirəm ki, elm bu gün çətin vəziyyətdədir,  o cümlədən elmi mədəniyyətin kifayət qədər yayılmaması səbəbindən. Buna görə də uşaqlara kiçik yaşlardan, əlbəttə ki, sadələşdirilmiş formada elm öyrətmək lazımdır. Bizi təəccübləndirməməlidir ki, hazırda niyə RNT-vaksinlərə heç kim etibar etmir, çünki  hələ ki heç kim izah etməyə can atmayıb ki,  bu cür vaksinlər özlüyündə nədir?

 

- Bu sahədə yeni başlayan gənc tədqiqatçıya və ya gənc alimə verə biləcəyiniz hər hansı məsləhət varmı?

- Məsləhətim budur ki, öz qabiliyyətlərini və onları ən çox maraqlandıran mövzuları  anlamağa çalışsınlar. Aydındır ki, maraqlar dəyişə bilər, qabiliyyətlər inkişaf etdirilə bilər, lakin onların töhfə verə biləcəyinə dair bəzi fikirlər var. Məsələn, proqramlaşdırmada yaxşı olan birinin  əl vasitəsilə çoxsaylı  hesablamalara ehtiyacı olmaya bilər. Yaxud,  təcrübə etməyi çox sevənlər üçün nəzəriyyə yox, təcrübələr etmək daha yaxşıdır. Öz keyfiyyətlərinizi anlamağa,   inkişaf etdirməyə çalışın, həmçinin özünüzə arxayın olun, çünki bəzən güvən çox vacibdir. Əgər bir şey edə biləcəyinizə əminsinizsə, bunu edəcəksiniz.
Şübhəsiz ki, özünə inam çox vacibdir.

 

- Elm yox olarsa, nə olacaq?

- Biz texnologiya ilə bağlı bir cəmiyyətdə yaşayırıq, amma unuduruq ki, texnologiya elmə əsaslanır. Sonuncu olmayanda hətta birincisi də mövcud olmağı dayandırır. Ya da elm sahəsi biliklərə investisiya qoymaqda davam edən az sayda ölkələr üçün qalacaq.  Marko D'Eramonun “Helikopterdə şaman” adlı kitabı var. Əsər bir Orta Asiya sehrbazını təsvir edir, o, müxtəlif sehrli formullar tətbiq edir, lakin bu, onun bir yerdən başqa yerə səyahət etmək üçün helikopterdən istifadə etməsinə mane olmur. Hesab edirəm ki, bu gün istifadə etdiyimiz vasitələrlə öyrəndiyimiz biliklərimiz arasında bir boşluq var. Bu isə  elmi “psevdomagiya” edir. Bu, bizə yunan texnologiyalarını əxz etmiş, lakin onların elmi mədəniyyətini mənimsəməmiş qədim romalıların vəziyyətini xatırladır.

 

- İşinizdə ən çox xoşunuza gələn nədir?

- Çox şey var. Düşünürəm ki, elmlə məşğul olmaq - ya pazlları həll etmək, detektiv oxumaq,  müəllifin deməsindən əvvəl kimin günahkar olduğunu anlamaq kimi bir şeydir. Düşünürəm ki, insanların əksəriyyəti tapmacalarla oynamağı sevirlər, amma bir alim olaraq fikrim budur ki, bu, fərqli bir ölçüdür, çünki bizi maraqlandıran tapmacaların növləri daha böyük miqyasdadır. Ən vacibi budur ki, biz özümüz oynamırıq, bütün elmi ictimaiyyət bu tapmacanı həll etməyə çalışır. Beləliklə, biz birlikdə çalışırıq və bu intellektual zövqdür, çox da vacibdir.

 

Bundan əlavə, düşündüyüm bir şey də var ki, bəzən bir məsələni başa düşəndə siz və komandanız konkret problemi bilən yeganə şəxssiniz və başqa insanlarla ünsiyyət qurmaq istəyirsiniz. Düşünürəm ki, bir şeyi kəşf etdiyinizdə və ya hansısa fenomen haqqında nəticə çıxaranda, bu da sizə böyük məmnunluq verir.

 

- İşdən başqa nə ilə məşğul olmağı xoşlayırsınız?

- Baxır necə. Son iki il bir qədər çətin keçdi, çünki COVID-19 səbəbindən bir çox tədbirlər mümkün deyildi. Mən həmişə kitab oxumağı sevirəm - roman, elm tarixi, elmi fantastika və s. Məsələn, yalnız son bir ildə Ayzek Əzimovun bir çox kitablarını oxudum. Əvvəllər A.Əzimovun bəzi romanlarını oxumamışdım. Həm də “Əsaslar”  seriyasına daxil olan bütün kitabları sərbəst oxuyuram. Xizək sürməyi, dənizi, təmiz havada gəzməyi çox sevirəm. 50, 55 yaşdan sonra isə ənənəvi rəqslə çox maraqlanmağa başladım; məsələn, yunan rəqsini sevirəm. Bu mənim çox xoşuma gəlir. Eyni zamanda cütlükdə rəqs edirəm, məsələn, COVID-dən  əvvəl Forrae (Braziliya) rəqsini ifa etdim.


Gəzməyi də çox  sevirəm. Çox şanslıyam ki, evimin yaxınlığında böyük bir villa var -  üç kvadrat kilometrlik bir yer. Yəni, böyük bir villadır və mən oraya gəzməyə getməyi çox sevirəm.
 

Oruc MUSTAFAYEV

 



23.05.2022 | 14:09