Azərbaycanda ilk dəfə 13-cü Beynəlxalq Termal Mühəndislik konfransı başlayıb

Bakı Mühəndislik Universiteti (BMU) və Kanadanın Ryerson Universitetinin birgə təşkilatçılığı ilə “13-cü Beynəlxalq Termal Mühəndislik konfransı: nəzəriyyə və tətbiq”  mövzusunda beynəlxalq tədbir öz işinə başlayıb.

 

BMU-nun rektoru, professor Havar Məmmədov müstəqillik dövründə Azərbaycanın keçdiyi uğurlu inkişaf yolundan bəhs edib və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bir çox sahədə olduğu kimi, innovativ mühəndisliyin tətbiqi sahəsində də bölgənin aparıcı dövlətlərindən birinə çevrildiyini vurğulayıb.

 

Konfransın ilk dəfədir Azərbaycanda təşkil olunmasının əhəmiyyətinə toxunan rektor bunun gənc alimlərin inkişafına, həmçinin elmi əlaqələrin genişlənməsinə müsbət təsir göstərəcəyini fikirlərinə əlavə edib. Bundan öncə beynəlxalq tədbirin Kanada, Hindistan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və s. ölkələrdə gerçəkləşdiyini xatırladan H.Məmmədov konfransa müxtəlif xarici ölkələrdən 70 nəfər mütəxəssisin və nüfuzlu elm adamlarının qatıldığını bildirib. Bununla yanaşı, rektor Fransanın Lorraine Universitetinin keçirdiyi “Materiallar və enerji  konfransı”nın təşkilat komitəsinin BMU-da təşkil olunan konfransa qatılmağa qərar verdiyini xüsusi vurğulayıb.

 

Ali təhsil ocağının rəhbəri konfransın keçirilməsində əsas məqsədin eksperimental, analitik, nəzəri istilik energetikası və enerji mühəndisliyinin tətbiqi ilə məşğul olan tədqiqatçıları bir araya gətirmək olduğunu önə çəkib, eyni zamanda tədbirin “İstilik çevrilmələri”, “Ətraf mühit mühəndisliyi”, “Bioyanacaqlar”, “Bərpa olunan enerji”, “Proses kontrol və optimizasiya”, “Tullantıların idarə olunması”, “Polmerin proses edilmə texnologiyaları” və s. kimi aktual sahələri əhatə edəcəyini deyib.

 

Ölkəmizin ali təhsil müəssisələrində bu sahənin inkişafı yönündə kadr hazırlığının zəruriliyindən danışan rektor BMU-da da energetika sahəsində mütəxəssis hazırlığının həyata keçirildiyini qeyd edib.

 

Təhsil nazirinin müavini, BMU-nun Himayəçilər Şurasının sədri İdris İsayev konfransda dinləniləcək məruzələrin və aparılacaq müzakirələrin materiallar və enerji sahələrində dünya qarşısında qlobal olaraq həllini gözləyən məsələlərin aktuallığını artıracağını bildirib. Enerji amilinin cəmiyyətin inkişafında önəmli yer tutduğunu qeyd edən nazir müavini bu amilin hazırda bir sıra ölkələrin inkişafında əsas strateji rol oynadığını nəzərə çatdırıb.

 

İdris İsayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi işlərin görüldüyündən, həyata keçirilən layihələrdən bəhs edib, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqlarıın sürətli bərpası və artırılmasına, eləcə də su ehtiyatlarından, habelə dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsinə toxunub.

 

Nazirlik rəsmisi 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə ilk günlərdən xüsusi əhəmiyyət verildiyini vurğulayıb. İdris İsayev həmin ərazilərdə su, günəş və külək enerjisi baxımından böyük potensial olduğu nəzərə alınaraq Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edildiyini, bunun qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsulu olduğunu bildirib.

 

Tullantıların əmələ gəlməsi, iqlim dəyişiklikləri, əhali artımı, su hövzələrinin çirklənməsi və ozon qatının dağılması kimi məsələlərin ətraf mühitə təsirindən ətraflı danışan İdris İsayev çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

 

AMEA-nın prezidenti səlahiyyətlərini icra edən, BMU-nun Himayəçilər Şurasının üzvü Arif Həşimov Azərbaycanda belə konfransların keçirilməsini  elmi-tədqiqatların aparılması baxımından yüksək qiymətləndirib.

 

Yeni çağırışlardan birinin Dayanıqlı sosial iqtisadi inkişaf olduğunu diqqətə çatdıran A.Həşimov bunu Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərindən biri kimi qeyd edib. Akademik Dayanıqlı sosial iqtisadi inkişaf konsepsiyasının ekoloji, sosial, iqtisadi komponentlərdən ibarət olduğunu söyləyib.

 

A.Həşimov yalnız ekoloji problemlər öz həllini tapdığı zaman dayanıqlı inkişafa nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.

 

Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş Azərbaycanla mövcud olan ikitərəfli, eyni zamanda kontinental səviyyədə əməkdaşlıqdan söz açıb.

 

Enerji sahəsində Azərbaycanın uğurlar əldə etməsini xüsusi vurğulayan səfir ölkəmizin neft və qaz istehsal edən ölkə olduğunu, beynəlxalq enerji bazarında vacib rol oynadığını, bərpaolunan enerjiyə investisiya qoymaqla cəsarətli addım atdığını deyib. Bununla yanaşı, Mərakeşdə böyük günəş elektrik stansiyasının fəaliyyət göstərdiyini qeyd edən diplomat ölkəsinin bərpaolunan enerji sahəsində mühüm işlər gördüyünü önə çəkib.  

 

Konfransın həmsədri Saghir Ziad tədbirə ev sahibliyi etdiyinə görə BMU-ya öz dərin minnətdarlığını ifadə edib və tədbirin növbəti il Qahirə şəhərində gerçəkləşəcəyini açıqlayıb. O, konfrans iştirakçılarına Azərbaycanla bağlı gözəl xatirələrinin olacağına əminliyini bildirib.

 

Lorraine Universitetinin professoru Mohammed El Ganaoui  konfransın təşkil olunmasında verdiyi dəstəyə görə BMU rəhbərliyinə təşəkkür edib. Konfransın keçirilməsi baxımından BMU-nun düzgün məkan kimi seçildiyini bildirən Mohammed El Ganaoui universitetdə fizika və riyaziyyat sahəsində savadlı tələbələrin təhsil aldığını da vurğulayıb. Professor çıxışında materiallar, enerji, iqlim dəyişikliyi məsələlərinə dair fikirlərini konfrans iştirakçıları ilə paylaşıb.

 

Sonra konfransda iştirak edən dəvətli mühazirəçilərə sertifikatlar təqdim olunub.

 

2 gün davam edəcək konfransın bölmə iclaslarında Fransanın Paris-Saclay Universitetinin PhD ilə bağlı beynəlxalq əlaqələr koordinatoru, professor Rachid Bennacer, professor Biagio Morrone, Mərakeşin Elmlər Akademiyasından professor Abdelilah Benyoussef, Belfort-Montbéliard Universitetindən professor A.David Bassir, Kanadanın  Queen’s Universitetindən professor Jean-Michel Nunzi,  Fransanın Lille Universitetindən professor Ali Zaoui, Avstraliyadan T.Yusaf, İsraildən G.Ziskind, Kanadadan K.Siddiqui və S.Poncet, Hindistandan S.Kachhwaha, BƏƏ-dən O.Chaalal və digərləri məruzələrlə çıxış edəcəklər.

 

Qeyd edək ki, konfrans çərçivəsində qonaqlar BMU-nun Memarlıq və Dizayn ixtisaslarının tələbələrinin əl işlərindən ibarət təşkil edilən maket və rəsm sərgisi ilə də tanış olublar.

 



23.05.2022 | 16:49