Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarının iştirakçıları mükafatlandırılıb

Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarının bağlanış mərasimi keçirilib.

 

BANM-ın rektoru Elmar Qasımov elmi konfransların iştirakçılarına, elmi rəhbərlərə minnətdarlığını bildirib, qalibləri təbrik edib. Rektor elmi tədqiqatın əhəmiyyətini vurğulayaraq gənclərə elmə, tədqiqata meyilli olmağı tövsiyə edib və BANM tələbələri arasında bu istiqamətdə seçilən gənclərin olmasını sevindirici hal kimi qiymətləndirib. O, BANM-də keçirilən elmi konfransların əhəmiyyətindən də bəhs edib: “Biz bu cür nüfuzlu elmi konfranslara evsahibliyi etməkdən qürur duyuruq. Gənc alimlərin yetişdirilməsi və onlara dəstək olmaq bizim Ali Məktəbin önəmli missiyalarından biridir. Bu, həm də Azərbaycan elmi üçün böyük töhfədir”.

 

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov konfransların gənclərin elmə marağının artması yönündə əhəmiyyətli addım olduğunu qeyd edib. O, gələcək konfranslarda  alim olmaq istəyən bir tələbəyə rəhbərlik etdiyi institutun təqaüdü və ya mükafatının veriləcəyini bildirib.

 

Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları 18-29 aprel tarixlərində “Neft-qaz geologiyası və mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi-2022”, “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” mövzularında keçirilib. Bu il konfranslara 238 tezis seçilərək qəbul olunub. Tezislərin 101-i BANM tələbələrinə aid olub.

 

Konfrans iştirakçılarını BANM-ın professor-müəllim heyəti ilə yanaşı, “Schneider Electric”, bp, “Kinetics Technology” şirkətlərinin, “SOCAR AQŞ” MMC-nin,  AMEA-nın Neft-Kimya Prosesləri, Molekulyar Biologiya və Biotexnologiyalar, İdarəetmə Sistemləri və Aşqarlar Kimyası institutlarının nümayəndələri qiymətləndiriblər.

 

Konfranslarda BANM-ın tələbələri ilə yanaşı, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Texniki, Bakı Mühəndislik, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir dövlət universitetləri, Türkiyənin Orta Doğu Texnik Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və AMEA institutlarının gənc tədqiqatçıları məruzələrlə çıxış ediblər. Bəzi tələbələrin fərdi, bəzilərinin isə komanda şəklində tezisləri təqdim olunub. Münsiflər heyətinin dəyərləndirmələrindən sonra iştirakçılar müxtəlif kateqoriyalar üzrə I, II, III yerlərə layiq görülüb və həvəsləndirici mükafatlarla təltif ediliblər. Onlara, həmçinin sponsor şirkətlərin qiymətli hədiyyələri verilib. Konfrans iştirakçıları 18 bölmə üzrə mükafatlandırılıb. BANM-ın tələbələri 14 bölmə üzrə I yerin sahibi olub.



24.05.2022 | 13:51