Elmi yaradıcılıq, pedaqoji fəaliyyət vəhdətdə olanda

Bəzən deyirlər ki, ömür yaşanan illərin sayı ilə ölçülmür, o  görülən işlərin həcmini, arzu və istəyini yaşadır özündə. Əslində çox haqlı bir fikirdir. Böyük elmi axtarışların, eləcə də uzunillik pedaqoji fəaliyyətin təməlində böyük səbir, təmkin, ən əsası, ixtisasa olan sevgi durur. Elə Mirmusa Miriş oğlu Cəfərovu fərqləndirən əsas xüsusiyyətlərdən biri də qeyri-adi zəhmətkeşliyidir, elmə,müəllimliyə olan marağı, sevgisidir.

 

1967-ci il mayın 6-da Lerik rayonunun Arta kəndində anadan olan Mirmusa Miriş oğlu Cəfərov gələcək elm yolunu Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmaqla müəyyənləşdirir. Öz istək və arzularını bu maraqlı elm sahəsində tapan  gənc adıçəkilən ali təhsil müəssisəsini  fərqlənmə diplomu ilə bitirir.Ali təhsil aldığı illərdə öz bacarığı, iti zehni, zəkası ilə fərqlənən, əla qiymətlərlə oxuyan Mirmusa Cəfərov  görkəmli alim Abdulla Qarayev təqaüdünə layiq görülür. Oxuduğu illərdə gənclər arasında nüfuz sahibi və ictimai işlərdə fəal olduğuna görə 1992-ci ildə tələbələr onu Azad Tələbə Həmkarlar Təşkilatının sədri seçirlər.

 

Alim ömrü yaşayan ziyalının fəaliyyətinə nəzər salarkən onun elmə olan bağlılığının bir daha şahidi oluruq.1996 - cı ildə BDU-nun Mikrobiologiya kafedrasına dissertant olaraq qəbul olunan M. Cəfərov elmi işini vaxtında,  müvəffəqiyyətlə başa vuraraq 2000-ci ildə  Azərbaycan Dövlət Tibb Universitetində “Müalicəvi - dietik turşsüd məhsullarının mikrobiotası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, biologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adını alır.

 

O, əmək fəaliyyətinə 1994-cü ildə Naxçıvan Özəl Universitetində müəllim kimi başlayır. Bir müddətdən sonra-1997-ci ildə Bakı Dövlət Universitetində Biologiya  fakültəsinin mikrobiologiya kafedrasında baş laborant, 2003-cü ildə müəllim, 2008-ci ildən dosent, 2015-ci ildən isə professor kimi fəaliyyətini davam etdirir.Alimin tədqiqat sahəsi əsasən “Turşsüd məhsullarının mikrobiotasının öyrənilməsi”, “Südturşusu bakteriyaları və maya göbələklərinin fizioloji və biokimyəvi xassələri”, “Südturşusu bakteriyalarının antimikrob xassələrinin öyrənilməsi” və “Maya göbələklərinin gümüş nanohissəcikləri əmələ gətirmə xassəsinin öyrənilməsi”dir.

 

O, elm sahəsində təkcə “Müalicəvi - dietik turşsüd məhsullarının mikrobiotası” mövzusunda deyil, ilk dəfə olaraq Azərbaycan Respublikasının müxtəlif aqroiqlim vilayətlərində spontan maye ilə ev şəraitində hazırlanmış turşsüd məhsullarının (qatıq nümunələrində) tərkibində olan mikroorqanizmləri (südturşusu bakteriyalarını və maya göbələklərini) təmiz kulturaya çıxarmış, onların fizioloji, biokimyəvi xassələrini ayrı-ayrılıqda öyrənmişdir.Yüksək antimikrob aktivliyə malik olan bakteriya ştamlarından müxtəlif tərkibli probiotiklırin hazırlanması üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onun bu istiqamətdə elmi tədqiqat işləri diqqət mərkəzində olmuşdur. Bu baxımdan da M.Cəfərovun doktorluq dissertasiyası “Azərbaycan ərazisində istifadə olunan spontan turşsüd məhsullarının (qatığın nümunəsində) mikrobiotası” mövzusuna həsr olunmuş və  o, 2013-cü ildə elmi işini  müvəffəqiyyətlə müdafiə edərək  biologiya elmləri doktoru adını almışdır.

 

Tanınmış alim yüksəkixtisaslı kadrların, doktorant və magistrantların hazırlanmasına böyük əmək sərf etməklə bərabər, mikrobiologiyanın müxtəlif istiqamətlərində elimi tədqiqat işləri üzrə araşdırmalar edir. Son illərin aktual problemlərindən olan metal nanohissəciklərin alınması və tətbiqi ilə bağlı onun bilavasitə iştirakı ilə elmi işlər aparılır. Müxtəlif infeksiyalar yaradan mikroorqanizmlərin əleyhinə istifadə edilən antibiotiklərə qarşı getdikcə davamlılıq yarandığı halda metal nanohissəciklərə qarşı isə davamlılıq yaranmır. Bu cəhətdən də yüksək antimikrob aktivliyə malik metal nanohissəciklərin əldə edilməsi və tətbiqi çox aktual bir tədqiqat sahəsidir.

 

M.Cəfərov apardığı  elmi-tədqiqat işləri ilə yanaşı, Molekulyar biologiya və biotexnologiyalar kafedrasında “Mikrobiologiya”, “Virusologiya”, “Sənaye mikrobiologiyası”, “Biotexnologiya”, “Antibiotiklərin mikroorqanizmlər tərəfindəm sintezi və istehsalı” fənlərindən bakalavr və magistrantlara mühazirələr oxuyur.  Alim tələbələrin maariflənməsi məqsədilə “Maya göbələklərinin biologiyası”, “Sənaye mikrobiologiyasının əsasları” dərsliklərini, “Mülaicəvi - dietik turşsüd məhsullarının mikrobiotası”, “Azərbaycan ərazisində evdə hazırlanan (spontan) qatıqların mikrobiologiyası” monoqrafiyalarının, “Mikroorqanizmlərin metabolizmi”, “Ümumi mikrobiologiya”, “Maya göbələklərinin biologiyası”, “Mikroorqanizmlərin genetikası” kurslarından metodik göstəriş və 10 fənn proqramı yazıb çap etdirmişdir.

 

M.Cəfərov Azərbaycanın müxtəlif ərazilərində ev şəraitində spontan maya ilə hazırlanmış qatıqlardan ayrılmış südturşusu bakteriyalarını becərmək üçün optimal yeni selektiv qidalı mühit hazırlamış və patent (ixtira) almışdır. Həmçinin, ayrılmış südturşusu bakteriya ştamlarının patogen və şərti-patogen mikroorqanizmlərə qarşı antibakterial aktivliyi öyrənilmiş, yüksək antibakterial aktivliyə malik olan, Lactobacillus pentosum BDU - KD27 südturşusu bakteriya ştamı ilə bağlı patent (ixtira) almışdır. Alim həmçinin aktivlik göstərən belə ştamlardan həzm sisteminin yaxşılaşdırılması məqsədilə müxtəlif tərkibli probiotiklərin hazırlanmasını təklif edib.

 

Tədqiqatçı alim tərəfindən  aparılan elmi-tədqiqat işlərinin nəticələri   respublika daxilində, eləcə də onun hüdudlarından kənarda çap olunan nüfuzlu elm jurnallarında və ingilis dilində dərc edilib. O, eyni zamanda İstanbul, Ankara, Vilnus, Moskva, Tambov, Aşqabad, Yekaterinburq, Çuvaşiya, Sankt-Peterburq, Hayta, Munix şəhərlərində keçirilən beynəlxalq seminar, simpozium və konfransların iştirakçısı olub.

 

Uzun illər məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uğurlu şəkildə əlaqələndirən alim Mirmusa Cəfərov 160-dan çox elmi əsərin, 2 dərsliyin, 2 monoqrafiyanın, 10 tədris proqramının, 4 metodik göstərişin və 2 patentin (ixtiranın) müəllifidir.

 

Bir alim kimi Azərbaycan elminə öz töhfələrini verən Mirmusa müəllim həm də nümunəvi ailə başçısıdır. Onun 3 övladı və 3 nəvəsi vardır.

 

Yubilyar alim Mirmusa Cəfərovu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı,  elmi-pedaqoji  fəaliyyətlərində yeni-yeni  nailiyyətlər arzulayırıq.

 

Xudaverdi QƏNBƏROV,

biologiya elmləri doktoru, professor 



27.05.2022 | 16:40