Naxçıvan Dövlət Universitetində 28 May- Müstəqillik Gününə həsr olunan solo konsert

Naxçıvan Dövlət Universitetində Musiqi təlimi kafedrasının dosenti, Azərbaycanın qabaqcıl təhsil işçisi İsmayıl Mürsəlovun 28 May- Müstəqillik Gününə həsr olunan solo konserti keçirilib.

 

Əvvəlcə Naxçıvanın Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov İsmayıl Mürsəlov haqqında məlumat verib. Qeyd edilib ki, sənətkar Naxçıvanda anadan olub, ilk musiqi təhsilini Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində alıb. Daha sonra Üzeyir Hacıbəylinin adını daşıyan Naxçıvan orta ixtisas musiqi məktəbinə daxil olub, burada ustad tarzən Əkrəm Məmmədlidən Azərbaycan tarının sirlərini mənimsəyib.

 

Konsertə Andrey Babayevin “Pıçıldaşan ləpələr” əsəri ilə başlayan tarzəni fortepiano kafedrasının müəllimi, IX Respublika müsabiqəsinin laureatı Səxavət Rəhimov müşayiət edib. Sonra sənətkarın ifasında səsləndirilən “Karmen” operasından “Antrakt”, “Bakı gecələri”, Hacı Məmmədovun “2 №-li tar konsertinin – I hissəsi” izləyicilərdə yüksək ovqat yaradıb.

 

III kurs tələbəsi Təvəkkül Qurbanovun ifasında səsləndirilən Ramiz Mirişlinin “Dalğalar” əsərini fortepianoda Musiqi təlimi kafedrasının müəllimi Fəxriyyə Əliyeva müşayiət edib.

 

Daha sonra İsmayıl Mürsəlovun ifasında “Xaric segah” muğamı, “Xəyala dalarkən”, “Çardaş” əsərləri səsləndirilib.

 

Prezidentin fərdi təqaüdçüsü, Naxçıvanın Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli İsmayıl Mürsəlov haqqında xoş arzularını, xatirələrini bölüşüb.

 

Sonda universitetin rektoru Elbrus İsayev çıxış edərək tarzənin ifasını yüksək qiymətləndirib, bu cür konsertlərin davamlı olmasını arzulayıb.

 

 



28.05.2022 | 10:36