ADPU-da "Müstəqillik tarixi” adlı tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik tarixi” adlı tədbir keçirilib.

 

ADPU TGT-nin sədri Təhmasib İmaməliyev bildirib ki, milli dövlətçilik tariximizin tələbələr arasında təbliği təşkilatın əsas prioritetlərindəndir.

 

Bakı şəhər Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov,  Bakı şəhər Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev və Bakı şəhər Səbail Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev də tələbələrin vətənpərvərlik ruhunun artırılması istiqamətində görülən işlərin vacibliyindən, bu baxımdan müvafiq rayonların ərazilərində tədris korpusları yerləşən ADPU-nun xüsusilə fəal olduğunu, ali məktəbin tələbə təşkilatlarının hər zaman gənclər və idman idarələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıblar.

 

Qeyd olunub ki, 28 may müasir Azərbaycan dövlətçiliyinin təşəkkül tarixi kimi xüsusi rola malikdir. 1991-ci ildə yenidən müstəqilliyini qazanan Azərbaycan özünü 1918-ci ilin 28 mayında yaranmış Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi və 28 may günü dövlət səviyyəsində bayram kimi qeyd olunmağa başlanıldı.

 

Tədbirin bədii hissəsində videoçarx nümayiş etdirilib, şeirlər səsləndirilib. Musiqili hissədə isə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Rəhilə Bəndəliyeva, solist Məhərrəm Həsənov, Azərbaycan Aşıqlar Birliyinin nəzdində fəaliyyət göstərən “Çeşmə” folklor qrupu və qrupun solisti Nəzrin Məlikovanın ifaları, həmçinin universitetin istedadlı tələbələrinin rəqs nömrələri nümayiş olunub.

 



30.05.2022 | 14:22