“Azərbaycan-Çin elmi əlaqələri” mövzusunda seminar

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Azərbaycan-Çin elmi əlaqələri” adlı tələbə seminarı keçirilib.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çinə tarixi səfəri, Çin İctimai Elmlər Akademiyasındakı çıxışı, səfər zamanı təbiət və ictimai sosial elmlər sahəsində Azərbaycan-Çin elmi əlaqələrinin əsasını qoyan və strategiyasını müəyyən edən texniki sazişin imzalandığı barədə danışıb:”Ötən illər ərzində ölkələrimiz arasında elmi mübadilə uğurla inkişaf edib, Azərbaycanın akademik müəssisələrinin aparıcı alimləri ÇXR-da müxtəlif bilik sahələri üzrə keçirilən 100-ə yaxın elmi konfransda fəal iştirak edib, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Çin İctimai Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb, Yüksək Texnologiyalar Parkında Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi yaradılıb. İki ölkənin ayrı-ayrı ixtisaslaşdırılmış elmi institutları arasında, o cümlədən Çinin Mühəndislik və Kənd Təsərrüfatı Akademiyası ilə birbaşa tərəfdaşlıq əlaqələri qurulub, AMEA Mərkəzi Elmi Kitabxanası və Çin Milli Kitabxanası arasında elmi və informasiya mübadiləsi aparılıb”.

 

R.Abbasov, həmçinin qeyd edib ki, qədim İpək Yolu üzərində Azərbaycan-Çin ticarət və mədəni əlaqələrinin tarixinin öyrənilməsi ölkələrimiz arasında elmi əməkdaşlığın prioritet istiqamətləri olaraq qalır, o cümlədən, Tarix İnstitutu, Elm Tarixi İnstitutu və Azərbaycan Tarixi Muzeyində mədəni , Ədəbiyyat İnstitutunda  ədəbi əlaqələrin tarixi, Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun filialının fəaliyyət göstərdiyi Şərqşünaslıq İnstitutunda isə Çinin siyasi və iqtisadi inkişafının müasir problemləri araşdırılır. Çin İctimai Elmlər Akademiyasının aparıcı alimləri ADU-da “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı illik beynəlxalq elmi konfranslarda iştirak ediblər.

 

AMEA-nın Hüquq, İqtisadiyyat və Fəlsəfə İnstitutlarında aparıcı çinli alimlərin iştirakı ilə qədim Çin fəlsəfəsi, siyasi, hüquqi və sosial-iqtisadi islahatlarda Çin təcrübəsi, Çinin modernləşmə siyasətinə həsr olunmuş ənənəvi elmi konfranslar keçirilir. 

 

Seminarda çıxış edən ADU-nun çinşunas tələbələri qədim Çində elm və texnologiyanın, xüsusilə riyaziyyat, astronomiya, ipəkçilik texnologiyası, tibb, memarlıq, gəmiqayırma sahələrinin inkişafından danışıblar. Tələbələr, həmçinin 21-ci əsrdə Çinin strateji əhəmiyyətli elmi və texnoloji sahələrdə rəqabət qabiliyyətinin hərtərəfli artırılmasına yönəlmiş elmi və texnoloji tədqiqatların inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsindən bəhs ediblər.

 

Qeyd olunub ki, proqramların strateji məqsədləri elm və texnikanın yeni sisteminin yaradılması, fənlərarası tədqiqatların inkişafı, elm və texnikanın iqtisadiyyatla əlaqələndirilməsi mexanizminin formalaşdırılmasıdır.

 

Sonda “Çinin ən mühüm elmi və texnoloji nailiyyətləri” mövzusunda viktorina keçirilib.



31.05.2022 | 13:15