SDU ilə Manisa Celal Bayar Universiteti arasında memorandum imzalanıb

Türkiyənin Manisa Celal Bayar Universitetinin rektoru, prof. Dr. Ahmet Ataçın  rəhbərlik etdiyi nümayəndə heyəti  Sumqayıt Dövlət Universitetində (SDU) olub.

 

Görüşdə SDU-nun rektoru,  professor Elxan Hüseynov Türkiyənin Manisa Celal Bayar Universitetinin rektoru  Ahmet Ataç ilə elmin və təhsilin inkişafı istiqamətində fikir mübadiləsi aparıb.

 

E.Hüseynov bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.

 

”Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsi məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir”-deyən rektor onu da bildirib  ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsində qardaş Türkiyənin güclü mənəvi və siyasi dəstəyinin rolu danılmazdır.

 

Sonra rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti,  beynəlxalq əlaqələri, buradakı təhsil, tədris prosesi və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Qeyd edib ki,  SDU beynəlxalq proqramlar çərçivəsində qardaş Türkiyə universitetləri ilə sıx əməkdaşlıq edir. SDU ilə Manisa Celal Bayar Universiteti arasında qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını deyən E.Hüseynov imzalanacaq memorandumun ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını və elmi layihələrin həyata keçirilməsinə stimul verəcəyini vurğulayıb. 

 

Manisa Celal Bayar Universitetinin rektoru , Prof. Dr. Ahmet Ataç universitetlər arasında imzalanacaq əməkdaşlıq memorandumunu münasibətlərin genişlənməsi ilə yanaşı, elmin və təhsilin inkişafına böyük təkan kimi xarakterizə edib.

 

Sonda rektorlar əməkdaşlıq memorandumunu imzalayıb.



31.05.2022 | 14:03