Türkiyənin Cərrahpaşa Universiteti ilə ADNSU əməkdaşlığa başlayıb

Türkiyənin Cərrahpaşa Universitetinin prorektoru, professor Mehmet Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

 

Universitetdə keçirilən görüşdə ADNSU-nun professor-müəllim heyəti iştirak edib.

 

Rektor, professor Mustafa Babanlı rəhbərlik etdiyi universitetin tarixi, keçdiyi inkişaf yolu və bu qocaman ali təhsil müəssisəsinin yetşdirdiyi kadrlardan söz açıb. Rektor qonaqlara həmçinin, ADNSU-da hazırda təhsil sahəsində əldə olunan nailiyyətlər, görüləcək işlər, təhsil və tədrisin keyfiyyətinin qaldırılması istiqamətində əldə edilən uğurlar haqqında məlumat verib.

 

Görüşdə Cərrahpaşa Universitetinin prorektoru, professor Mehmet Bilginin təmsil etdiyi ali təhsil müəssisəsi haqqında, oradakı tədris prosesi, gerçəkləşdirilən layihələr barədə məlumat verilib. 

 

ADNSU ilə Cərrahpaşa Universiteti arasında əməkdaşlıq məsələləri, o cümlədən birgə elmi işlərin aparılması, tədris proqramlarının razılaşdırılması, tələbə və müəllimlərin mübadiləsinə dair müzakirələr də aparılıb. Sonda tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədi ilə memorandum imzalayıblar.

 

Səfər çərçivəsində qonaqlar ADNSU-da yeni açılan Azərbaycan-Türkiyə Dostluq Mərkəzinə baş çəkib, eyni zamanda universiteti gəzərək buradakı şəraitlə də tanış olublar.

 

 



31.05.2022 | 16:06