Yüksək Texnologiyalar Parkı Türk Aviasiya və Kosmik Sənaye Şirkəti ilə əməkdaşlıq edəcək

Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) baş direktoru, professor Temel Kotilin rəhbərlik etdiyi və Cənubi Qafqaz və Orta Asiya regionu üzrə menecer Mehmet Gökhan Keskin, qurumun test pilotu Ahmet Barbaros Demirbaşdan ibarət nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YTP) olub.

 

“TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində Bakı şəhərində səfərdə olan professor Temel Kotil öncə rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. O, dünya aerokosmik sənayesində ilk 100-lükdə yer alan TUSAŞ-ın əsas fəaliyyətinin 6 istiqaməti (infrastruktur, mülki təyyarə, helikopter, pilotsuz uçuş aparatları, peyk avadanlıqları və milli döyüş təyyarələri) əhatə etdiyini bildirib.

 

Professor T.Kotil şirkət tərəfindən dizayn və istehsal edilən bütün məhsullar üçün inteqrasiya olunmuş logistik dəstək xidməti göstərildiyini diqqətə çatdırıb.

 

Baş direktor deyib ki, dövriyyəsi milyard dollarla ölçülən, 8000-dən çox mütəxəssis, o cümlədən 1000-dən artıq mühəndis və tələbənin çalışdığı TUSAŞ daha çox dövlət sifarişləri əsasında 5-ci nəsil texnologiyaları tətbiq etməklə öz məhsullarını təqdim edir.  

 

YTP-nin baş direktoru Vasif Abbasov Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və bunun daha böyük miqyaslı işlərin görülməsi üçün böyük zəmin yaratdığını bildirib. Mümkün əməkdaşlıq imkanları barədə danışan V.Abbasov TUSAŞ ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb və bunun üçün YTP-də müvafiq perspektivlərin mövcud olduğunu diqqətə çatdırıb.

 

Görüşdə TUSAŞ-ın rezidentlik imkanları, azərbaycanlı mütəxəssislərdən ibarət Mühəndislik Ofisinin yaradılması, birgə layihələr və kadr mübadiləsi ilə bağlı ilkin razılaşmalar əldə edilib.

 

Professor T.Kotil AMEA-nın intellektual və infrastruktur resurslarının cəlb edilməsi ilə müəyyən məhsulların texnopark ərazisində istehsalının mümkünlüyünü qeyd edib, qısa zaman ərzində tədqiqat və inkişaf üzrə məsul şəxslərin texnoparkla əməkdaşlığa cəlb ediləcəyini bildirib. O, həmçinin AMEA və YTP-nin mütəxəssislərindən ibarət işçi qrupunu TUSAŞ-a dəvət edərək həyata keçirilən işlərlə yerində tanışlığın faydalı olacağını və yeni istiqamətlərin müəyyən ediləcəyini vurğulayıb.

 

 



01.06.2022 | 10:36