Tələbələrin teatra marağını artıran “Mədəni gənclik” layihəsi

Bakı Dövlət Universiteti (BDU) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Mədəni gənclik” layihəsi davam edir.

 

Layihə çərçivəsində BDU tələbələrindən ibarət 300 nəfərlik qrup seçilib. Həmin tələbələr iki ay ərzində həftədə iki dəfə olmaqla nazirliyin xətti ilə keçirilən bir tamaşa və bir konsert proqramına bilet əldə ediblər. Biletlərin ödənişi BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən həyata keçirilib.

 

Tələbələrə tamaşa və konsertlər haqqında təqdimat edilib, yaradıcı heyət barədə ətraflı məlumat verilib. “Mədəni gənclik” layihəsinin məqsədi tələbələrin dünyagörüşünü daha da zənginləşdirmək, teatr və konsertlərə marağını artırmaqdır.

 

İndiyədək layihə çərçivəsində tələbələrin quruluşçu rejissor Aleksandr Şarovskinin "Müsyo Jordan" (M.F.Axundzadə), quruluşçu rejissor Azər Paşa Nemətovun "Ölülər" (C.Məmmədquluzadə), quruluşçu rejissor Samir Qulamovun "Paris Notr-Dama ithaf" (V.Hüqo) tamaşalarında və Bakı Kamera Orkestrinin konsertində iştirakları təşkil olunub.

 



01.06.2022 | 11:05