Qərbi Kaspi Universiteti “Digital Expo Center” layihəsi ilə qalib olub

Qərbi Kaspi Universitetinin tələbələrindən ibarət iki komanda, məzunlarından ibarət bir komanda “TEKNOFEST Azərbaycan”ın finalına vəsiqə qazanmışdı.

 

Universitetin məzunlarından ibarət "DEC" komandası festivalda  "Sosialyönümlü Texnologiyalar" müsabiqəsinin qalibi olub.

 

Komanda üzvlərinə mükafatı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nobel mükafatı laureatı, professor Əziz Səncər təqdim ediblər.

 

Universitetdən bildirilib ki, qalib komanda müsabiqədə “Digital Expo Center” layihəsi ilə çıxış edib. Bu, "Unreal Engine 4" müasir oyun mühərriki üzərində hazırlanmış VR texnologiyasıdır. Layihə müxtəlif sərgilərin rəqəmsal formatda keçirilməsi üçün nəzərdə tutulub.

 

Layihənin geniş tətbiqi ilə yerli və xarici qonaqlar evdən çıxmadan, sərgini mobil telefon, planşet və ya kompüter vasitəsilə ziyarət edə bilərlər. Virtual sərginin binası “Baku Expo Center”in modeli əsasında hazırlanıb və bura bir çox virtual stendlər yerləşdirilib. Sərgidə oyun tərtibatçıları, proqram təminatı hazırlayan və veb proqramçılar, 3D rəssam və dizaynerlər iştirak edə bilərlər.

 

Virtual sərginin iştirakçıları virtual stendlərində video, slayd şou təqdimatı və 3D obyektlərin animasiyasını göstərə bilərlər.

 



29.05.2022 | 16:19