38 mindən artıq abituriyent üçün qəbul imtahanları başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 4-5 iyun tarixlərində I ixtisas qrupu, həmçinin iyunun 5-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

 

DİM-dən bildirilib k, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

 

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 160 imtahan binası, 2865 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 160 ümumi imtahan rəhbəri, 476 imtahan rəhbəri, 3564 nəzarətçi–müəllim, 435 buraxılış rejimi əməkdaşı, 160 bina nümayəndəsi təhkim edilib.

 

İyunun 4-də keçiriləcək imtahanda 21753, iyunun 5-də keçiriləcək imtahanlarda isə 16786 nəfər olmaqla, ümumilikdə 38539 abituriyentin iştirakı nəzərdə tutulur.

 

İmtahanlarda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

 

İmtahanların gedişini işıqlandırmaq üçün 45 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

 

 



02.06.2022 | 14:42