“TEKNOFEST Azərbaycan”-ın BİRİNCİLƏRİ

Böyük Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etməklə Şanlı Tarix yazan müstəqil, güclü Azərbaycan dünyamiqyaslı tədbirlərin, beynəlxalq bilik, elm, musiqi, idman yarışlarının da keçirildiyi məkana çevrilib. Belə möhtəşəm tədbirlərdən biri də, ölkə Prezidenti cənab İlham Əliyev və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalıdır. İnnovasiyanın, elm və tərəqqinin nümayiş olunduğu festival sözün əsl mənasında mavi səmanın fəthi idi!

 

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” - T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

 

“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı çərçivəsində keçirilən sərgidə təhsil müəssisələrimizin təqdim etdiyi yeniliklər iştirakçıların marağına səbəb olub. Elm və tərəqqini özündə əks etdirən, müasir çağırışlara cavab verən müxtəlif nominasiyalar üzrə təqdimatlar təşkilat komitəsi tərəfindən yüksək qiymətləndirilib.

 

Qaliblərə mükafatları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nobel mükafatı laureatı Əziz Sancar təqdim edib.

 

Təhsil müəssisələrimizin qalib olduğu “TEKNOFEST Azərbaycan” birincilərini  oxucularımıza təqdim edirik.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2 komandası festivalda uğurla çıxış edib. Belə ki, ADNSU-nun “MECHANICS” komandası “Robototexnika” müsabiqəsinin B kateqoriyasında birinci yerə layiq görülüb.  “Aqrar texnologiyalar” müsabiqəsinin B kateqoriyasında isə universiteti “BlizzadrTS” komandası təmsil edərək uğurlu çıxışı ilə birincilik qazanıb.

 

ADNSU məzunları isə “Yaşıl texnologiyalar” müsabiqəsinin C kateqoriyasında “MakerTronika” komandası olaraq 1-ci yerə yüksəlib.

 

Bakı Ali Neft Məktəbi

 

Bakı Ali Neft Məktəbinin (BANM) “İstiqlal” komandası “TEKNOFEST Azərbaycan” çərçivəsində baş tutan  “Cansat Model Peyk” yarışının qalibi olub. Komanda bu müsabiqə üzrə final mərhələsində hazırladığı peyk modelini  səmaya uğurla buraxaraq birinci yeri qazanıb. Komanda BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 5 tələbədən ibarətdir. Komandanın mentoru BANM-ın məzunu və hazırda ali məktəbdə müəllim olaraq fəaliyyət göstərən Ramil Şükürovdur.

 

“TEKNOFEST”in digər qalib BANM komandası isə “Atəşgah”dır. “Yaşıl texnologiyalar” üzrə “TEKNOFEST Azərbaycan”a qoşulan komandanın üzvləri ali məktəbin “Kimya mühəndisliyi” ixtisasında təhsil alan 3 tələbədir. Komandanın mentoru BANM-ın məzunu Murad Rəhimovdur.

 

Bakı Mühəndislik Universiteti

 

Bakı Mühəndislik Universitetinin (BMU) “RED” komandası “TEKNOFEST Azərbaycan” festivalında “Baku Skills” kateqoriyası üzrə birinci yeri tutub.

 

BMU-nun 7 tələbə komandası (“TexnoMex”, “RED”, “İ.Asimov”, “BÖRÜ”, “Curiosity”, “CabEx”, “Iradus Eko”) öz innovativ layihələri ilə dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST Azərbaycan”ın final mərhələsinə yüksəlib. Tələbələrin layihələri və maraqlı təqdimatları bir çox ziyarətçilərin, tanınmış şirkətlərin diqqətini cəlb edib. BMU-nun qaliblər sırasında yer alan “RED” komandası Türkiyədə “TEKNOFEST İstanbul -2022” festivalında iştirak edəcək.

 

ADA Universiteti

 

Festivalda “Sosial yönümlü texnologiyalar” müsabiqəsi üzrə uğur qazanan komandalardan biri də ADA Universitetinin “Finger Talk” komandasıdır. Universitetin magistr pilləsində təhsil alan İbrahim Əlizadə və Ayxan Nazimzadənin təqdim etdiyi layihə nitq məhdudiyyətli insanların gündəlik həyatını asanlaşdırmaq məqsədi daşıyır. Azərbaycan işarə dilinin kompüter proqramı vasitəsilə tanınan bu layihə həmin vətəndaşların ictimai yerlərdə, həmçinin xidmət sektorlarına müraciət etdikləri zaman qarşılaşdıqları problemlərin aradan qalxmasına imkan verəcək.

 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi 

 

“GreenLines” komandası da “Yaşıl texnologiyalar” müsabiqəsi üzrə qaliblər arasındadır. Meşə yanğınlarının vaxt itirilmədən söndürülməsinə hesablanan layihə iştirakçıların və münsiflər heyətinin böyük marağına səbəb olub. Orta məktəb şagirdlərinin ideyaları əsasında formalaşan layihə gələcəkdə baş verə biləcək meşə yanğınları zamanı vaxt itkisinin qarşısını almağa, daha operativ olmağa hesablanıb.

 

Qərbi Kaspi Universiteti

 

Qərbi Kaspi Universitetinin tələbələrindən ibarət iki komanda, məzunlarından ibarət isə bir komanda - “TEKNOFEST”in finalına vəsiqə qazanıb. “DEC” komandası “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin qalibi olub. Komanda müsabiqədə “Digital Expo Center” layihəsi ilə çıxış edib. Bu, “Unreal Engine 4” müasir oyun mühərriki üzərində hazırlanmış VR texnologiyasıdır. Layihə müxtəlif sərgilərin rəqəmsal formatda keçirilməsi üçün nəzərdə tutulub.

 

Layihənin geniş tətbiqi ilə yerli və xarici qonaqlar evdən çıxmadan, sərgini mobil telefon, planşet və ya kompüter vasitəsilə ziyarət edə bilərlər. Virtual sərginin binası “Baku Expo Center”in modeli əsasında hazırlanıb və bura bir çox virtual stendlər yerləşdirilib. Sərgidə oyun tərtibatçıları, proqram təminatı hazırlayan və veb proqramçılar, 3D rəssam və dizaynerlər iştirak edə bilərlər.

 

Virtual sərginin iştirakçıları virtual stendlərində video, slayd şou təqdimatı və 3D obyektlərin animasiyasını göstərə bilərlər.

 

Rabitə və İnformasiya texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

 

Sevindirici haldır ki, peşə təhsili müəssisələri də festivalda iştirak etməyə maraq göstərib. Rabitə və İnformasiya texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Baku Stark” komandasının “Robototexnika” müsabiqəsi üzrə təqdim etdiyi “Smart Helmet” layihəsi birinci yerə layiq görülüb. “Smart Helmet” təhlükə potensialı olan iş mühitində işləyən işçilər üçün yaradılan bir layihədir. İş yerlərində etinasızlıq və başqa səbəblərdən gün ərzində çoxlu sayda insan dünyasını dəyişir və ya əmək qabiliyyətini itirir. Layihənin məqsədi bu halların qarşısını almaqdan ibarətdir.

 

Niyazi RƏHİMOV

 



03.06.2022 | 09:40