7-ci Beynəlxalq Sosial Elmlər Konfransının açılış mərasimi

İyunun 2-də ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konfransı öz fəaliyyətinə başlayıb.


Konfransda elm və təhsil sahəsi üzrə bir çox rəsmilər, türk dövlətlərinin aparıcı universitetlərinin rektorları, nüfuzlu alimlər iştirak edirlər.


Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.


Açılış mərasimində giriş nitqi ilə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev konfrans iştirakçılarını salamlayaraq tədbirin daha əvvəl İspaniya, Rumıniya, Türkiyə, Özbəkistan və Makedoniyada keçirildiyini nəzərə çatdırıb. Rektor konfransda iştirak etmək üçün 520-dən çox qonağın Bakıya gəldiyini və 1000-dən çox akademik məruzənin təqdim edildiyini bildirib.


Daha sonra çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova 7-ci Beynəlxalq Sosial Elmlər Konfransının akademik sahədə birgə fəaliyyətin daha da gücləndirilməsindəki önəmindən bəhs edib. Sədr konfransın Qarabağa həsr olunması, Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsinin vacib olduğunu bildirib.


Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Mustafa Şentop konfransın əhəmiyyətini vurğulayaraq söyləyib ki, tədbir çərçivəsində təxminən 30 il davam edən işğal, verilən şəhidlər, ürək parçalayan Xocalı qətliamına alimlər tərəfindən diqqət çəkiləcək.
Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinin Türkiyə üçün vacibliyini vurğulayan sədr 20 fərqli ölkədən 100-dən çox professorun konfransda iştirak etdiyini və buradakı müzakirələrin nəticəsinin kitab şəklində çap olunacağını diqqətə çatdırıb.


Təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan və Türkiyənin təhsil nazirlikləri arasında əməkdaşlığa diqqət çəkərək gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün nəzərdə tutulmuş Dövlət Proqramına toxunub və Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının Türkiyə ali təhsil müəssisələrində təhsil alma imkanlarının yaranacağını bildirib.



Sonda çıxış edən Beynəlxalq Balkan Universitetinin rektoru Mehmet Dursun Erdem Türkiyə universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında əlaqələrin inkişafından və perspektivlərdən söhbət açıb.



Qeyd edək ki, iki gün davam edəcək konfrans Bakıda panel müzakirələrlə davam edəcək, Şuşada keçiriləcək tədbirlə başa çatacaq.

 



02.06.2022 | 20:45