Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda seminar-təlim

İyunun 3-də Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda seminar-təlim keçirilib.

 

Təhsil Nazirliyinin əməkdaşları üçün keçirilən seminarda açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov büdcədən ayrılan vəsaitin səmərəli istifadəsini təmin etmək üçün dövlət satınalmalarının optimal və düzgün təşkil olunmasının vacibliyini vurğulayıb. 

 

Təşkilatçılara təşəkkür edən nazir müavini seminarın keçirilməsində əsas məqsədin qurumlara ayrılan vəsaitin səmərəli istifadəsinin satınalma ilə bağlı qaydalara uyğunluğunun öyrədilməsindən, mövcud qanunvericilikdəki dəyişikliklərin iştirakçıların diqqətinə çatdırılmasından ibarət olduğunu deyib. Firudin Qurbanov bildirib ki, satınalma zamanı ilk növbədə dövlət mənafeyi qorunmalı, vəsait səmərəli istifadə olunmalı, dövlətin gələcək inkişafını təmin edən üsullarla həyata keçirilməlidir.

 

Nazir müavini çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli seminarda öyrəniləcək biliklərdən söz açaraq rəqabət mühitinin formalaşmasının iqtisadi baxımdan səmərəliliyin artmasındakı rolundan danışıb.


Antiinhisar Xidmətinin əsas fəaliyyət istiqamətlərini sadalayan Məmməd Abbasbəyli bildirib ki, bu cür maarifləndirici seminarların mütəmadi təşkili nəzərdə tutulur. Məmməd Abbasbəyli qeyd edib ki, təlim proqramı ötən il ərzində dövlət satınalmaları sahəsi üzrə ləğv olunan  protokollar və daxil olan müraciətlərin təhlili əsasında prioritetlər müəyyən edilərək hazırlanıb.

 

Təlim "Dövlət satınalmalarının planlaşdırılması", "Satınalmaların təşkili", "Satınalma metodları", "İddiaçıların ixtisasına dair tələblər", "Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi", "Satınalmanın nəticələri", "Satınalma müqaviləsinin bağlanması və idarə olunması" və "Şikayətlərin verilməsi və mübahisəli məsələlərin həlli" mövzularını əhatə edib.

 

Təhsil Nazirliyinin 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi seminarda satınalan təşkilatlar arasında mübahisəli məsələlərin həlli ilə əlaqədar fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 



03.06.2022 | 20:34