“TEKNOFEST Azərbaycan”da iştirak edən komandalarla görüş keçirilib

Mingəçevir Dövlət Universitetini (MDU) “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında təmsil etmiş komandaların üzvləri ilə görüş keçirilib.

 

Rektor Şahin Bayramov universitetdə qardaş Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalında iştiraka xüsusi önəm verildiyini vurğulayıb, MDU-nun festivala müraciət edən 17 komandasından 3-nün finala yüksəlməsini regionda yerləşən ali təhsil müəssisəsi üçün əlamətdar hal hesab edib. Festivala  təqdim edilmiş startap layihələrinin daha da təkmilləşdirilməsindən söhbət açan Ş.Bayramov komandalara bunlarla bağlı keçirilən müxtəlif müsabiqələrdə fəal iştirakı  tövsiyə edib və onlara uğurlar arzulayıb.

 

Sonra komandaların üzvləri təşəkkürnamə ilə təltif edilib.

 

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının Aqrar texnologiyalar müsabiqəsi və “Smart Qarabağ” hakatonunda MDU 13 tələbə və mentorun daxil olduğu 3 komanda ilə təmsil olunub. Festivalda MDU-nun “Sevil” komandası “Ağıllı müqəvva - əkin tarlalarının uzaqdan qorunması”, “Aqrinova” komandası “İrrinova – süni intellektlə suvarmanın uzaqdan idarə olunması” və “Zəfər” komandası “GarabaghVRTEX – Qarabağdakı tarixi məkanların virtual reallıq ilə gəzinti cihazının dizaynı” layihələrini nümayiş etdiriblər.

 

 



11.06.2022 | 14:15