ADPU-CVU ikili diplom proqramının ilk məzun buraxılışı

İyunun 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Corc Vaşinqton Universiteti (CVU) ilə birgə “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə ikili diplom magistr proqramının ilk buraxılışına həsr olunmuş məzun günü mərasimi keçirilib. 

 

Mərasimdə açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov qeyd edib ki, dövlət proqramına əsasən xarici ali təhsil müəssisələri ilə imzalanan ikili diplom proqramlarının ilki məhz ADPU və CVU arasında reallaşan proqramdır. Hazırda proqram üzrə iki kursda 50 nəfər təhsil alır. Proqram üzrə tələbələr tam ödənişsiz təhsil alırlar. Bu ildən etibarən proqrama qəbul planı 25 yerdən 40 yerə qaldırılıb. Proqramda dərslər ADPU və CVU-nun təcrübəli professor-müəllim heyəti tərəfindən ingilis dilində aparılır. Rektor bildirib ki, ilk ildə ayrılmış 25 yer üzrə proqrama qəbul olunan 24 nəfərdən 22 magistrant bu gün proqramdan məzun olur və onlar Azərbaycanda ilk dəfə olaraq ADPU-nun magistr diplomu ilə yanaşı CVU-nun “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi də alırlar. 

 

Rektor çıxışının sonunda proqramın ilk məzunlarını və onların ailə üzvlərini təbrik edib. 

 

Mərasimdə çıxış edən  təhsil naziri Emin Əmrullayev bildirib ki, bugünkü buraxılış mərasimi özünün tarixi əhəmiyyəti ilə seçilir, çünki bu proqram Azərbaycan dövləti və hökumətinin təhsilin inkişafı ilə bağlı gördüyü işlərin bir göstəricisidir. Təhsil naziri qeyd edib ki, Azərbaycan cəmiyyəti, iqtisadiyyatı üçün mütəxəssislərin hazırlanması məqsədi ilə həyata keçirilən bu və bu kimi proqramların təsirləri gələcəkdə milli təhsil sektorumuzun inkişafında və minlərlə insanların həyatında özünü göstərəcək. 

 

Çıxış edən CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin professoru Colin Green də öz növbəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edərək məzunları təbrik edib.

 

CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı dr. Michael Feuer isə videomüraciət formatında öz təbrikini çatdırıb. 

 

Mərasimin yekununda məzunlara fəxri diplomlar təqdim edilib. 

 

Qeyd edək ki, proqram Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADPU və CVU arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir.


Dövlət Neft Fondu tərəfindən maliyələşdirilən ikili diplom proqramı ADPU-da təhsil sahəsində beynəlxalq dərəcəli magistr idarəçilərin yetişdirilməsi məqsədi ilə icra olunur.

 

 



13.06.2022 | 15:11