Çex Respublikasının səfiri Bakı Dövlət Universitetində olub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çex Respublikasının Azərbaycandakı səfiri Milan Ekertlə görüşüb.

 

Rektor Elçin Babayev qeyd edib ki, BDU-nun Çex Respublikasının ali təhsil müəssisələri ilə müxtəlif istiqamətli əməkdaşlığı mövcuddur. BDU-nun Çex Respublikasının Palaski Universiteti, Praqa Texniki Universiteti, Karlov Universiteti, Cənubi Bohemia Universiteti ilə müxtəlif illərdə müqavilələr imzaladığını xatırladan E.Babayev həmin universitetlərlə magistratura və doktorantura təhsil səviyyələri üzrə mübadilə və ikili diplom proqramları, birgə müsabiqələr, kadr hazırlığı, elmi-tədqiqat layihələri, elmi simpozium, seminar, konfrans, ixtisasartırma kursları və tədris planlarının təşkili istiqamətlərində əməkdaşlığın həyata keçirildiyini bildirib.

 

Səfir görüşə görə təşəkkürünü bildirib və qarşıdakı illərdə iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb. 

 

Görüşdə BDU və Çex Respublikasının ali məktəbləri arasında elmi-təşkilati əlaqələrin daha da dərinləşməsi məsələləri müzakirə olunub.

 

 



14.06.2022 | 12:11