I ixtisas qrupu üzrə 10 abituriyent maksimal 400 bal toplayıb

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə 4-5 iyun 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

 

DİM-dən bildirilib ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər. 

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 38539 abituriyentdən (I qrup üzrə 33219 nəfər, IV qrup üzrə 5320 nəfər) 4568 nəfəri (I qrup üzrə 4201 nəfər, IV qrup üzrə 367 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  abituriyentlərdən 9 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər – Bakı şəhər 53, 111 və 258 saylı orta məktəblərin, Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) və Kimya-Biologiya Təmayüllü Liseyin, Sumqayıt şəhər 13 saylı orta məktəbin, Abşeron rayon Saray qəsəbəsi 1 saylı orta məktəbin, Qəbələ şəhər 1 saylı orta məktəbin, İsmayıllı şəhər 5 saylı orta məktəbin, Biləsuvar şəhər internat orta məktəbinin məzunları göstəriblər.

 

İmtahanın II mərhələsində 400 bal toplayan Bakı şəhər 111 saylı orta məktəbin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 295 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 695 baldır.

 

Bu imtahanda IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbinin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə də ən yüksək nəticə həmin məzuna məxsusdur. O, imtahanın birinci mərhələsində maksimal olan 300 bal toplamışdı. Beləliklə IV ixtisas qrupu üzrə ən yüksək nəticə 697 baldır.

 



17.06.2022 | 19:21