“Rəqəmsal bacarıqlar” layihəsinin “İT siniflərinə” qəbul imtahanı keçirilib

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 10-cu sinifdə informatika təmayüllü İT siniflərində təhsil almaq istəyən 9-cu sinif şagirdləri üçün qəbul imtahanı təşkil olunub. İmtahanlar  5 region üzrə Bakı, Sumqayıt, Şamaxı, Mingəçevir və Gəncə şəhərlərində yaradılmış 14 mərkəzdə aparılıb. Mərkəzləşdirilmiş qaydada təşkil olunan imtahanda 1200 şagird iştirak edib. 90 dəqiqə müddətində davam edən imtahan "Alqoritmika" platformasında həyata keçirilib. 

 

İmtahanda uğur qazana bilməyən şagirdlərə ikinci dəfə imtahan vermək şansı yaradılacaq. 

 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar”  layihəsinin informatika təmayüllü siniflərində oxuyan şagirdlər   proqramlaşdırma dilləri üzrə praktiki bacarıqlar qazanmaq  imkanı əldə edəcəklər. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə tədris ediləcək. Dərslərdə şagirdlərə Python, alqoritmlər və verilənlər strukturu, oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilməsi nəzərdə tutulub. Dərslər bu istiqamətlər üzrə təkmilləşdirilmiş təlim keçmiş müəllimlər tərəfindən keçiriləcək. 

 

Cari tədris ilində respublikanın 4 şəhərində 11 məktəbin X siniflərində pilot “İT sinifləri”nə start verilib. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir üzrə Azərbaycan və rus bölmələrindən olan 316 şagird İT siniflərdə təhsil alır.

 

 



20.06.2022 | 12:10