VII məktəblilərarası fənn müsabiqələrinin qalibləri mükafatlandırılıb

İyunun 22-də Bakı Avropa Liseyində Təhsil İnstitutunun (ARTİ)  təşkilatçılığı ilə VII məktəblilərarası fənn müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Təhsil Nazirliyinin nümayəndələri, qalib şagirdlərin müəllimləri, valideynlər və digər şəxslər iştirak edib.

 

Dövlət himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində keçirilən müsabiqələrin vacibliyini vurğulayıb, şagirdlərimizin əldə etdikləri uğurların ölkənin gələcək inkişafındakı rolundan danışıb. Firudin Qurbanov şagirdləri təbrik edərək onlara növbəti müsabiqələrdə uğurlar arzulayıb.

 

Daha sonra Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması  sektorunun müdiri Fuad Qarayev fənn müsabiqələrinin keçirilməsinin məqsədi və nəticələrin təhlilləri barədə məlumat verib. Son illər beynəlxalq olimpiadalarda qazanılan uğurlardan söz açıb.

 

ARTİ-nin  direktoru  Rüfət Əzizov çıxış edərək qaliblərə uğurlar arzulayıb və şagirdlərin gələcək karyeralarında müvəffəqiyyət qazanmaları üçün olimpiadalarda iştirakın əhəmiyyətini vurğulayıb.

 

Tədbirdə müsabiqə haqqında hazırlanan videoçarx və müxtəlif musiqi nömrələri təqdim olunub.

 

Qeyd edək ki, məktəblilərarası fənn müsabiqələrinin qalibləri növbəti tədris ilindən etibarən müvafiq fənlər üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.

 

Fürsətdən istifadə edib qalib şagirdlərin fikirlərini öyrəndik.

 

“Qarşıma hədəf qoymuşam ki, beynəlxalq olimpiada qalibi olum”

 

Dəyanət Vəqfinin 7-ci sinif şagirdi Rəfiqə Qəmbərova kimya fənn müsabiqəsinin birincisidir. O, birinciliyi qarşısına hədəf qoyduğunu və buna nail olduğuna görə qürur hissi keçirdiyini deyir: “Düşünürəm ki, fənn müsabiqələrində iştirakım mənim gələcəkdə bir şəxsiyyət kimi formalaşmağıma, karyera qurmağıma istiqamət verəcək. Qalib olduğum üçün çox sevincliyəm. Qarşıma hədəf qoymuşam ki, beynəlxalq olimpiada qalibi olum”.

 

“Belə müsabiqələr bizim üçün bir şansdır”

 

Ramin Vəzirli Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseyin 7-ci sinif şagirdidir. Müsabiqədə fizika fənni üzrə birincilik qazanıb. Növbəti ildə respublika fənn olimpiadasında  iştirak  etmək  istədiyini bildirir: “Dərslərimə yüksək səviyyədə hazırlaşıram. Fənn müsabiqəsinə qatılanda hiss edirdim ki, qalib olacağam. Belə müsabiqələr bizim üçün bir şansdır”.

 

“Bu müsabiqəyə qatılanda özümdə bir özgüvən var idi”

 

Sumqayıt təbiət elmləri təmayüllü gimnaziyanın 7-ci sinif şagirdi Elgün Məmmədov qalib olmağında müəllimlərinin  və valideynlərinin böyük dəstəyi olduğunu deyir: “Bu müsabiqəyə qatılanda özümdə bir özgüvən var idi. Bunu mənə həm  müəllimlərim, həm də valideynlərim hiss etdirirdi. Onlar məndə əlavə stimul formalaşdırırdılar. Şükürlər olsun ki, mən də qalib oldum. Bizlərə bu şəraiti yaratdığına görə Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm”.

 

Niyazi RƏHİMOV 

 



24.06.2022 | 09:13