BSU Şərqi Avropada slavistika üzrə aparıcı universitetlərdən biri olmağa iddialıdır

Bakı Slavyan Universiteti (BSU) yeni, daha böyük hədəflərlə fəaliyyətinin növbəti mərhələsinə qədəm qoyub. Daha geniş  regionda, o cümlədən Şərqi  Avropada slavistika üzrə aparıcı universitetlərdən birinə çevrilmək istəyirlər. Bu barədə universitetin rektoru Anar Nağıyev danışıb. O, təhsil müəssisəsində keçirilən infosessiya-ictimai məlumatlandırma gününə qatılan Milli Məclisin deputatları Ceyhun Məmmədov və Arzu Nağıyev, ictimaiyyət və KİV nümayəndələri ilə görüşü zamanı bu tədris ilinin nəticələri, yeni tədris ilinin planları barədə məlumat verib.

 

BSU rektoru universitetin 22 il əvvəl yaranandan qarşısına qoyulan missiyasına bu gün də sadiq olduğunu deyib: “Uzun tarixə malik olan  keçmiş Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında formalaşan BSU yeni mərhələyə keçid idi.2000-ci il iyunun 13-də Ümummilli Liderin fərmanı ilə BSU yaranıb və ötən 22 il ərzində böyük nailiyyətlərimiz olub. Bu müddət ərzində universitet rus dili müəllimləri və slavyanşünaslıq ixtisasları üzrə kadr hazırlığında liderliyini qoruyub saxlayıb”.

 

Əsas hədəf kimi

 

BSU-da bakalavrla yanaşı, magistratura və doktorantura səviyyələrində də kadr hazırlığı həyata keçirilir. 4500 tələbə ilə yoluna davam edən universitet 650 nəfər pedaqoji - professor-müəllim heyətiylə ali təhsilin hər üç səviyyəsində 3 dildə müxtəlif ixtisaslar üzrə 75 ixtisaslaşma əsasında təhsil proqramları təklif edir. Rektorun sözlərinə görə, qarşılarına sadə hədəflər qoyublar: “Akademik və tədqiqat prosesində peşəkarlığı və dürüstlüyü əsas hədəf seçmişik. Daha yüksək səviyyəli təhsil və tədqiqat proqramlarını təqdim etməyi planlaşdırırıq. Proqramlarımızın yaxın vaxtlarda beynəlmiləlləşməsinə çalışacağıq”.

 

BSU sabah: tədqiqatyönümlü fəaliyyət

 

Hədəflərinin bir çoxunu universitetin 30-cu ildömünədək gerçəkləşdirməyi planlaşdırıblar. Məsələn, yaxın bir neçə il ərzində slavistika üzrə tədqiqat layihələri ilə universitetin tədqiqatyönümlü ali təhsil müəssisəsi imicini formalaşdırmağa cəhd edəcəklər. Rektor artıq ilk addımları atdıqlarını, müxtəlif formatda əməkdaşlıqlara başladıqlarını qeyd edib.

 

Hədəflərindən biri daha geniş  regionda, o cümlədən Şərqi  Avropada slavistika üzrə aparıcı universitetlərdən birinə çevrilməkdir. Bunun üçün müəyyən baza formalaşdırmağa başlayıblar. BSU-da xarici dil  müəllimliyi ixtisaslarını, təhsil idarəetmə ixtisaslarını birləşdirən fakültələr fəaliyyət göstərir. Həmin ixtisaslar üzrə kadr hazırlığının yüksək səviyyədə həyata keçiriləcəyində iddialı olan universitet bu məsələdə öz potensialına güvənir: “Bu ildən Bakı Slavyan Universitetində psixologiya və korreksiyaedici təlim ixtisasları üzrə də kadr hazırlığına başlanır”.

 

...keyfiyyətli tədris və təlim prosesi

 

Bakalavr və magistratura üzrə iki kateqoriya - təhsil ixtisasları və sosial- humanitar ixtisaslar qrupunda kadr hazırlığı həyata keçirilən universitetdə keyfiyyət mədəniyyətinin formalaşmasına, Avropa keyfiyyətinin təminatı üzrə standartlara uyğun şəkildə nizamlanmasına çalışılır.

 

Təlim nəticələri və məzunların əmək bazarına necə çıxdığı da universitet üçün önəmlidir. Tədrisi daha keyfiyyətli təmin etmək üçün səriştə əsaslı proqramların tətbiqinə önəm verilir.

 

...layihələrlə genişlənən əlaqələr

 

Yeni mərhələdə universitetdə layihələrə geniş yer veriləcək. Bu məqsədlə bir sıra layihələr razılaşdırılıb, bəziləri artıq başlayıb. Bolqarıstanın ölkəmizdəki səfirliyi vasitəsi ilə Bolqarıstan Xarici İşlər Nazirliyi ilə birgə layihədən, Polşa ilə genişlənən əlaqələrdən danışan rektor universiteti yol xəritəsində geniş yer alan müəllim və tələbələrin birgə mübadilə proqramları, əməkdaşlıqlar, ikili diplom proqramları ilə möhkəmlənəcək əlaqələrə ümid etdiyini deyib.

 

Bakı Slavyan Universitetində planlaşdırılan addımlar sırasında təqaüd proqramları da yer alıb: “Məsələn, ötən tədris ilində universitetimizə Göygöl rayonundan cəmi bir tələbə qəbul olunub. Gələcəkdə, BSU-da təmsil olunmayan, ya da az təmsil olunan rayonlara hədəflənən təqaüd proqramlarımız, yataqxana təkliflərimiz ola bilər”.

 

Məktəbindən tələbə alıb, müəllim kimi geri qaytaracaqlar

 

BSU nəzdində məktəb-lisey kompleksi ilə bağlı planlar da var: “Məktəb BSU-nun gələcək tələbələrini necə hazırlayır və ümumiyyətlə, hazırlayırmı? Məktəbə də bu gözlə baxmaq istəyirik. Növbəti illərdə regionlardan məktəbə şagird qəbulu nəzərdə tutulur”.

 

Məktəb universitet üçün həm də əmək bazarıdır: “Məzunlarımız məktəbdə çalışmaq üçün nə dərəcədə hazırdır, bu da nəzərimizdədir”.

 

Bu gün BSU - imtahanların son həftəsi

 

Bütün bunlar gələcəyin işidir. Hələliksə, BSU-da imtahan sessiyasıdır. Rektor prosesin şəffaf təşkil olunmasına nail olduqlarını deyib: “Artıq imtahanlarımız yekunlaşmaq üzrədir. Universitet üzrə 1000-ə yaxın imtahan keçirilib, 1000-dən çox tələbə iştirak edib.  Tələbələrin ümumi göstəricisi kifayət qədər yuxarı olub. Apellyasiya prosesində iştirakları da təmin olunur. İmtahanlar qaydalara uyğun olaraq təşkil olunur və nəticələri 2 gün içərisində elan edilir”.

 

Millət vəkilləri Ceyhun Məmmədov, Arzu Nağıyev, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Bakı Slavyan Universitetinin hədəflərinin olmasını yüksək qiymətləndirib, qısa müddətdə universitetlər sırasında layiqli yer tutacağına ümid etdiklərini deyiblər. Daha sonra universitet auditoriyalarında davam edən imtahan həyəcanını izləyiblər.

 

Ruhiyyə DAŞSALAHLI

 



24.06.2022 | 10:35