“Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar

Bakı Mühəndislik Universitetində (BMU) 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib.

 

Tələbələrdə antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi daşıyan tədbirdə əvvəlcə narkomaniyanın ağır fəsadlarından bəhs edən “Narkomaniyaya yox deyək”  adlı videoçarx nümayiş olunub.

 

Sonra BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə bütün dünyada bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə sayılan və qlobal miqsaylı problemə çevrilən narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən dövlət siyasətindən söz açıb. Prorektor ümummilli lider Heydər Əliyevin fərmanı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə  Dövlət Komissiyası”nın yaradıldığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın qəbul edildiyini diqqətə çatdırıb.

 

B.Hüseynzadə bildirib ki, narkotiklərlə mübarizə istiqamətində qlobal əməkdaşlığı dəstəkləyən Azərbaycan bununla bağlı bir sıra dövlətlərlə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalayıb, eyni zamanda ölkədə mübarizə tədbirlərinin təmin olunması sahəsində fəaliyyəti tənzimləyən zəruri qanunvericilik bazası yaradılıb. Bu istiqamətdə fəaliyyətin səmərəli təşkili məqsədilə dövlət orqanları və ictimai birliklərin birgə əməkdaşlığının vacibliyinə diqqət çəkən prorektor ali təhsil müəssisələrinin də bu yöndə üzərinə məsuliyyət düşdüyünü vurğulayıb. Bu aspektdən BMU-da müvafiq sahədə görülən təbliğat işlərini və maarifləndirici tədbirləri sadalayan prorektor gənclərin sağlam ruhda yetişdirilməsini, cəmiyyətdə layiqli yer tutmalarını təmin edən şəraitin yaradılmasının əsas prioritetlər sırasında yer aldığını bildirib. Ali təhsil ocağında hər gəncin, tələbənin qayğı və problemlərinə həssaslıqla yanaşıldığını, indiyə qədər narkomaniya ilə bağlı hər hansı faktın qeydə alınmadığını deyən B.Hüseynzadə çıxışının sonunda gəncləri zərərli vərdişlərdən uzaq durmağa səsləyib.

 

Daha sonra Ümumi fənlər kafedrasının müdiri, dosent Bilal Dədəyev geniş məruzə ilə çıxış edib. O, Azərbaycan ailə modelinə yad olan, buna baxmayaraq ölkəmizə də ayaq açan problemə qarşı mübarizə tədbirlərinə diqqət çəkərək, gənclər arasında maarifləndirmə və təbliğat işlərinin davam etdirilməsinin vacibliyinə toxunub.

 

BMU Tələbə Gənclər Təşkilatının sədri Ləman Şərifova ölkə gənclərinin sağlam ruhda yetişdirilməsi üçün bu istiqamətdə təşkil olunan görüşlərin böyük fayda verdiyini bildirib.  

 

Tədbir mövzu ilə bağlı müzakirələrin aparılması ilə davam edib.

 



24.06.2022 | 14:30