Azərbaycan Texniki Universitetində “Məzun Günü”

Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun Günü” keçirilib.

 

Tədbirdə Təhsil Nazirliyinin, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının rəhbər şəxsləri, millət vəkilləri, AzTU-nun İctimai Şurasnın üzvləri iştirak ediblər.

 

Məzunları təbrik edən AzTU-nun rektoru Vilayət Vəliyev onlara gələcək həyatlarında uğurlar və bol şans arzulayıb. Rektor bildirib ki, bu il universiteti  bakalavriat səviyyəsində 1508, magistratura səviyyəsində isə 536 tələbə bitirir. Bakalavrlardan 25, magistrlardan isə 168 nəfər fərqlənmə diplomuna layiq görülüb. Qürurverici haldır ki, ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan məzunlar arasında 44 günlük Vətən müharibəsinin iştirakçıları da var.

 

V.Vəliyev yeni dərs ilində universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində tətbiq olunacaq yeniliklərdən də danışıb. Qeyd olunub ki, tələbələrin keyfiyyətli tədris alması və yüksəkixtisaslı kadr kimi əmək bazarının tələblərinə cavab vermələri üçün AzTU-da mütəmadi olaraq innovativ yanaşmalar ortaya qoyulacaq. 

 

Tədbirdə iştirak edən təhsil nazirinin müavini Muxtar Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

 

Daha sonra AzTU-nu fərqlənmə ilə bitirən, təhsilini yüksək göstəricilərlə başa vuran, həmçinin universitetin ictimai həyatında fəallıq nümayiş etdirən məzunlara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

 

“Məzun Günü” konsert proqramı ilə davam edib.

 

 



25.06.2022 | 15:12