7-ci Beynəlxalq EMI - Sahibkarlıq və Sosial Elmlər Konqresi

Özbəkistanın paytaxtı Daşkənd şəhərində hibrid formatda 30 ölkədən 138 qurum və universitetdən 276 alimin iştirak etdiyi 7-ci Beynəlxalq EMI - Sahibkarlıq və Sosial Elmlər Konqresi (7th International EMI Entrepreneurship & Social Sciences Congress) keçirilib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun baş direktoru,  dosent Zakir Eminov,  institutun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, dosent Zaur İmrani, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev, filialın baş müəllimi Sərxan Cəfərov və Xəzər Universitetinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Milana Abbasova Azərbaycanı bu beynəlxalq konqresdə təmsil ediblər.

 

İnstitut rəhbəri Z.Eminov Beynəlxalq konqresin açılış sessiyasında elm və təhsilin inteqrasiyası, bu sahədə türkdilli ölkələrin əməkdaşlığının və qarşılıqlı fikir mübadiləsinin vacibliyini qeyd edib, gələcəkdə müxtəlif iqtisadi, sosial və mədəni əlaqələrin genişlənməsinin əhəmiyyətindən danışıb. O deyib ki, türkdilli dövlətlər coğrafi-strateji baxımından dünyanın əhəmiyyətli bölgəsində yerləşir, Azərbaycan bu dövlətlər arasında   inamlı və əvəzsiz körpü rolunu oynayır:” Türkdilli ölkələrin çoxşaxəli əlaqələri artmaqda və inkişaf etməkdədir. Bu coğrafiyada qardaş Türk respublikaları arasındakı əlaqələr daha da genişlənərsə, bunun iqtisadi və enerji baxımından regiona böyük faydası olacaq”.

 

Bölmə sessiyasında Z.İmrani Azərbaycanın xarici ticarət əlaqələrinin müasir vəziyyəti, ölkə iqtisadiyyatında xarici ticarətin rolu, idxal və ixracın üstünlükləri, daxili bazar və xarici bazara çıxış yolları, iqtisadi inteqrasiyaya nail olmanın əhəmiyyəti, dünya iqtisadiyyatında xarici ticarətin üstünlükləri və digər məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, türkdilli olkələrin iqtisadi əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini və yeni nəqliyyat dəhlizlərinin tranzit yüklərin daşınmasında rolunu, iqtisadi inkişafa nail olmaqda əhəmiyyətini vurğulayıb. 

 

 

 



28.06.2022 | 16:09