ADPU ilə “Azərbaycana Birgə Yardım” təşkilatı arasında əməkdaşlıq başlayıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və “Azərbaycana Birgə Yardım” təşkilatı (UAFA)  arasında görüş keçirilib.

 

Görüşdə UAFA-nın təsisçisi Qven Börçell və Uşaqlıq dövründə sağlamlıq, təhsil, sosial inkişaf üzrə baza kursu (CHED) Programının meneceri Ülviyyə Mirzəyeva iştirak ediblər.

 

Görüş zamanı ADPU-nu rektor, professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, məktəbəqədər təhsil fakültəsinin dekanı, dosent Nailə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və şöbənin mütəxəssisi Rəna Həsənova təmsil ediblər.

 

Görüşdə iki tərəf arasında imzalanacaq əməkdaşlığa dair Anlaşma memorandumu barəsində ilkin müzakirələr aparılıb. Hər iki tərəfin razılığı ilə memorandumda ADPU-nun müvafiq ixtisaslarında təhsil alan və gələcəkdə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə işləməyi planlaşdıran tələbələri üçün “Azərbaycana Birgə Yardım” təşkilatının mərkəzlərində təcrübə proqramlarının, təlimlərin təşkil olunması, birgə yerli və beynəlxalq səviyyəli konqres, konfrans və maarifləndirici tədbirlərin təşkili, Pedaqoji Universitetin tərəflərin müəyyənləşdirdiyi ixtisaslarında təhsil alan tələbələrinin təşkilatın mərkəzlərində könüllülük prinsipi ilə işləməsinə köməklik edilməsi, tərəflərin yerli və beynəlxalq ekspertlərin cəlb olunması ilə xüsusi qayğıya ehtiyacı olan şəxslərin ailələri və onlarla məşğul olan mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində birgə təlim, seminar,vebinarlar təşkil etməsi kimi istiqamətlər nəzərdə tutulub.

 

Görüşün sonunda ADPU ilə “Azərbaycana Birgə Yardım” təşkilatı arasında Anlaşma memorandumu imzalanıb.

 

 



30.06.2022 | 16:25