“...Sən ki, qalibsən...”

Hüseyn Cabbarov haqqında yazı hazırlamaq  Bakıdakı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzindən təklif  olundu. Hələ kiçik yaşlarında olduğuna baxmayaraq, onun  rəssamlıq sahəsində  artıq kifayət qədər uğur qazandığı vurğulandı.  Yeniyetmə rəssamla söhbətimiz də  çox maraqlı keçdi. Heç bir sual-cavab etmədən ona özü haqda, rəsm sahəsində qazandığı uğurlar barədə  ətraflı  danışmağı  təklif etdim. Gəlin, Hüseynin necə aydın təfəkkürlü, istedadlı  bir  yeniyetmə olduğunu biz  elə  onun öz dilindən də eşidək:

 

“Arsenal Bakı” futbol klubunun üzvüyəm

 

2008-ci ildə  Bakı şəhərində anadan olmuşam.  145 nömrəli tam orta məktəbin IV sinfində təhsil alıram. Dərs əlaçısıyam. Şəklim məktəbin “Şərəf lövhəsi”ndə əlaçı şagirdlərin sırasındadır. Sinif rəhbərim  Ladena Ağayevanın  ən sevimli şagirdlərindənəm. Məktəbimizdə  tez-tez keçirilən  tədbirlərdə istedad və bacarığımı nümayiş etdirirəm. İdman  sahəsində də yaşıdlarımdan geri qalmıram. “Arsenal  Bakı” futbol klubunun üzvüyəm. Klublararası  keçirilən idman yarışlarında fəal iştirak edirəm.

 

Uşaqlıqdan çoxlu rəngli karandaşlarım olub

 

Rəsm çəkməyə isə lap erkən yaşlarımdan başlamışam. Uşaqlıqdan çoxlu rəngli karandaşlarım olub.  Azərbaycan nağıllarını oxuduqca  xoşum  gələn  obrazları rəsmlərimdə öz ruhuma uyğun olaraq  təsvir etməyə, canlandırmağa çalışıram. Valideynlərim  bu  həvəsimi   görüb  məni   Nizami Rayon  Uşaq  Yaradıcılıq Mərkəzinə gətirdilər və  rəsm dərnəyinə yazdırdılar. Həmin vaxtdan da rəsmlə ciddi məşğul oluram.  Müəllimim  Nərmin Abdullayevadan  rəsm  çəkməyin  incəliklərini,  hansı rənglərdən mövzuya uyğun olaraq istifadə etməyi  öyrənirəm.

 

“Mənim Azərbaycanım” rəsm müsabiqəsində

 

Artıq  50-yə yaxın rəsm  əsərim var.  “Mənim Azərbaycanım” adlı  rəsm  müsabiqəsində  rəsmlərim  bəyənilərək  fəxri fərmanla mükafatlandırılıb. Bu rəsmimdə al-əlvan  rənglərdən daha  çox istifadə etmişdim. Xətai Sənət Mərkəzində  “Rəngli kvartet” adlı fərdi rəsm sərgim də keçirilib,  “Dostluğun sehri” adlı II beynəlxalq uşaq rəsm müsabiqəsində  “Ölkəmizin adət və ənənələri” rəsmlərimsə  diplomlarla mükafatlandırılıb.

 

Beynəlxalq rəsm müsabiqəsində I yeri tutdum

 

Ötən  il   həyatımda  ən unudulmaz izlər buraxdı, o vaxt yaşadığım sevincli anları heç vaxt unutmayacağam. Mərkəzimizin rəsm studiyasının  yetirmələrindən 13 nəfərin əl işi  Hindistan və 2  nəfərin isə Yaponiyada keçirilmiş beynəlxalq rəsm müsabiqəsinə  təqdim olunmuşdu. Onların arasında mənim də əsərim var idi. “Cırtdan” rəsm əsərim Hindistanda keçirilən beynəlxalq gənclər və uşaqların  rəsm  sərgisində nümayiş olunmuşdu və  mütəxəssislər, eləcə də   tamaşaçılar tərəfindən yüksək dəyərləndirilərək  qızıl medala  layiq görülmüşdü. Çox sevinirdim, çünki ilk dəfə idi ki, beynəlxalq müsabiqənin qızılını qazandım.  Bu nailiyyətimə  görə hamıdan çox sevimli müəllimim Nərmin  Abdullayevaya minnətdaram. Bu, məhz onun üzərimdə olan hədsiz, sözlə ifadə olunması mümkün olmayan  əməyin bəhrəsi idi.

 

2017-ci il yanvarın 29-da  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  yetirmələrinin mükafatlandırma mərasimi keçirildi.  Şübhəsiz mən də  həmin tədbirə dəvətli idim.  Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova, Hindistan  Respublikasının  ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay  Rana, Yaponiyanın ölkəmizdəki səfirliyinin mədəniyyət  və ictimai əlaqələr üzrə  rəhbəri Saki Uçidate  həmin mərasimdə iştirak edirdilər. Çox  həyəcanlı idim. Baxışlarımız anamla toqquşanda qəribə hisslər keçirirdim və tez də başımı aşağı salırdım. İndiyə qədər o anlar yaşadığım hissləri unuda bilmirəm. Nərmin müəllim bunu hiss edib mənə ürək-dirək verirdi, - sən ki, qalibsən, niyə həyəcan keçirirsən? - deyirdi. Öncə Mərkəzin direktoru Lalə Qəti  yetirmələrinin  beynəlxalq yarışlarda qazandığı  nailiyyətlərdən  söz açdı. Söylədi ki, mərkəzin 13  yeniyetmə  rəssamından 2 nəfəri - İsmət  Mirzəli və Hüseyn Cabbarov  I yeri tutaraq qızıl medala, 4-ü münsiflər  heyətinin xüsusi  diplomuna, 7-si isə  diplomlara layiq görülüblər. Adımı  direktorun dilindən eşitcək, duruxdum, özümü saxlaya bilməyib   anama sarıldım. Rəsm müəllimim  Nərmin xanımla baxışlarımız  toqquşdu.  İlahi, o, nə qədər sevinirdi?! Həmin anda onun yaşadığı sevinc hissləri  deyərdim ki,  anama bərabər idi, bəlkə də ondan da artıq idi, çünki məhz onun  üzərimdəki əməyinə verilən  yüksək qiymət idi  bu  I yer.

 

Müəllimlərim məni təbrik etdilər

 

Ertəsi gün sevincimi  məktəbdə dostlarımla da bölüşdüm. Müəllimlərim məni  bağırlarına basıb öpdülər və təbrik etdilər.  Sinif rəhbərim Ladena Ağayeva məni istedadlı  şagirdi  kimi nümunə göstərərək  daha əzmkarlıqla çalışmağı, bol-bol  uğurlar qazanmağı tövsiyə etdi.  Yeri gəlmişkən qeyd edim ki, mərkəzin  rəsm  studiyasının   yetirmələri Yaponiyada keçirilən  “Planetimizi qoruyaq” adlı 18-ci beynəlxalq rəsm  müsabiqəsində də iştirak ediblər. 2 nəfər - Tural Ağakişiyev və  Güldanə  Pənahova da I yerə layiq görülüblər.

Həmin gün  mükafatlandırma mərasimi  olduqca  maraqlı  keçdi.  Qaliblərə  medal, diplom və hədiyyələri təqdim etdilər.  Sonra  mərkəzin “Azəri inciləri” rəqs qrupunun ifasında milli və dünya rəqslərindən ibarət musiqi nömrələri  təqdim olundu, hamılıqla deyib-güldük, şənləndik.   

 

Şahmat oynamağı da çox sevirəm

 

Mən həm də  şahmat həvəskarıyam. Boş vaxtlarımda qardaşım Əli ilə şahmat oynayırıq. Hər dəfə onu udanda elə sanıram ki, hansısa bir yarışmanın şahmatda da qalibi olmuşam. Əvvəllər bir az hövsələsiz olsam da bu oyun məni təmkinli olmağa  çox  alışdırdı. Bəzən bir gedişin üzərində yarım saat fikirləşməli oluram ki, qardaşımı uda bilim.  Bu sahədə də uğur  qazana bilsəm, ola bilsin gələcəkdə yarışlara da qatılacağam.

 

Sifai SƏFƏROVA

 



02.03.2018 | 17:00