Azərbaycan Memarlıq və İnşaat Universitetində “Məzun günü”

“Belə bir günün şahidi ola bildiyim üçün qürur duyuram. Çox həyəcanlıyam. Böyük qızım Günay məzun olur. Özüm indiki İqtisad Universitetini bitirmişəm. Məzun olmaq mənə yad hiss deyil. İnsanın övladının məzun olması tamamilə fərqli hissdir. Elə onların məzun olduğu zaman da bizimkindən fərqlənir. Onlar qalib ölkənin məzunlarıdırlar”.

 

Bunlar bir atanın ürəyindən süzülüb gələn qibtə qarışıq sevinc hissləridir. O gün orda Səməd Əhmədov kimi onlarla ata, ana vardı.

 

Gülnarə Mirzəyeva isə Azərbaycan İnşaat və Memarlıq Universitetinin 1600-dən çox bakalavr məzunundan, bu il universiteti fərqlənmə diplomu ilə bitirən, böyük bir tədbirdə millət vəkilləri və çoxsaylı rəsmi qonaqların şahidliyi ilə  rektor Gülçöhrə Məmmədovanın dilindən  “SAĞ OL” kəlməsi, əlindən valideyninə ünvanlanmış “Təşəkkürnamə” alan   çoxsaylı məzunundan biridir. Şəhid İlqar Mirzəyevin əlaçı qızı bu gün bura qardaşı ilə gəlib. Amma qürurludur. Həm özünün nəticələrinə, həm də qəhrəman atasına ünvanlanan bir qucaq təşəkkür var əllərində.

 

Məzun günündə

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 46-cı məzun günü idi. Bu dəfəki məzun günü universiteti  bitirən bakalavriat səviyyəsində 26 ixtisas üzrə 1596, magistratura səviyyəsində 42 ixtisaslaşma üzrə 312 tələbə olmaqla cəmi 1908 tələbə, hazırlığı bitirən 70 əcnəbi və təhsil müəssisəsinin nəzdində olan İnşaat Kollecindən məzun olanlara həsr olundu.

 

Builki məzunların arasında qazilər, Gülnarə İlqar qızı Mirzəyeva kimi şəhid övladı da vardı ki, Azərbaycan İnşaat və Memarlıq Universiteti onları xüsusi qiymətləndirdi.

 

Qeyd edək ki, 24 Vətən müharibəsi şəhidi və onlarla qazi universitetin tələbə və məzunudur.

 

“Tikinti meydançaları sizi gözləyir”

 

Pandemiyadan sonra ilk məzuniyyət tədbiri idi Azərbaycan Memarlıq və İnşaat Universiteti məzunlarının. Həm pandemiya dövründə məsafədən təhsilə, hən də pandemiyadan sonrakı dövrdə ənənəvi təhsilə keçidi uğurla başa vurmağın sevinci də aydın hiss olunurdu. Xüsusən, rektor Gülçöhrə Məmmədovanın məzunları təbrik çıxışında: “2021-2022-ci tədris ili fərqli idi. Necə ki, pandemiyada məsafəli təhsilə keçərkən çətinlik yaşadıq, eləcə də, elektron təhsildən ənənəvi təhsilə qayıdışın öz çətinlikləri oldu. Amma biz bu çətinliklərin öhdəsindən layiqincə gəldik.Tələbələrimiz də bu şəraitə tez adaptasiya oldu. Öz növbəmizdə onlara əlimizdən gələn köməyi elədik ki, tədris prosesində bizdən tələb olunan keyfiyyəti təmin edək”.

 

Rektor verdikləri təhsilin keyfiyyətinə olduğu qədər diplom verdiyi məzunlarına da güvənir: “Tələbələrimiz çox gözəl bir vaxtda bitirirlər universiteti. Ölkəmizin çox böyük sürətlə inkişaf etdiyi, işğaldan azad olunan torpaqlarımızda böyük şəhərsalma fəaliyyətinin, infrastruktur layihələrinin həyata keçirildiyi, quruculuq işlərinin geniş miqyas aldığı bir dövrdə əmək fəaliyyətinə başlayırlar. İnanıram ki, məzunlarımız əmək fəaliyyətində də özünü doğruldacaq, universitetimizdə əldə etdikləri bilik karyera pilləsində yüksəliş üçün yetərli olacaq. Qazandıqları biliklə ilk növbədə yaxşı mütəxəssis olacaq, universitetimizin başını uca edəcəklər. Əziz tələbələr, tikinti meydançaları sizi gözləyir. Əminəm ki, siz ölkəmizdə həyata keçirilən böyük işlərə öz töhfənizi verəcəksiniz”.

 

“AzMİU-nun yetirmələri Qarabağdadır”

 

Təhsil nazirinin müavini Firudin Qurbanov da AzMİU məzunlarını təbrik edib. O, gənclərin tələbəlik illərinin təsadüf etdiyi dövrü xüsusi qeyd edib: “Siz tələbə adı qazananda ölkəmizin böyük bir hissəsi işğal altındaydı. Ancaq universiteti  müstəqil, torpaqlarını düşmən işğalından azad etmiş bir ölkənin vətəndaşı olaraq bitirirsiniz. İşğaldan azad olunan torpaqlarda yeni şəhərlər salınır, yollar çəkilir, infrastruktur layihələri icra olunur, ağıllı kənd, ağıllı şəhər qurulur. Təhsil ocaqları tikilib istifadəyə verilir. Zəngilanda yeni məktəb artıq hazırdır. Şuşada, Ağdamda, Cəbrayılda yeni məktəblərin tikintisi davam edir. Bu proses hələ uzun müddət davam edəcək və təbii ki, burda sizin də fəal iştirakınız önəmlidir”.

 

F.Qurbanov memarlığın inkişafında AzMİU-nun qatdığı töhfələri xüsusi qiymətləndirib: “AzMİU yarandığı gündən ölkə sənayesi üçün çox sayda dəyərli kadrlar yetişdirib. Həmin kadrların fəaliyyəti indi bütün ölkə ərazisində hiss olunur. Harda tikinti varsa, quruculuq işləri gedirsə, AzMİU-nun yetirmələri, məzunları orda fəaliyyət göstərirlər. Hazırda onlar Qarabağdadır. Ümid edirəm ki, istər tikinti sahələrində, istərsə də digər sahələrdə məzunlarımız özlərini ölkəmizin dəyərli vətəndaşları kimi göstərəcəklər”.

 

Məzunları təbrik edənlər arasında AzMİU-nun ilk tələbələrindən olan Aydın Mirzəzadə, onun deputat həmkarı Jalə Əhmədova, həmçinin başqa rəsmi şəxslər də oldu.

 

Məzun günündə fərqlənmə diplomu alanlar, universitetin ictimai işlərində xüsusi fəallıqları ilə seçilənlər, ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olanlar təltif edildilər. Özü də, sadəcə tələbələr yox, onların valideynləri də. Belə ki, məzunlar təltiflərlə yanaşı, valideynlərinə ünvanlanmış “Təşəkkürnamə” də aldılar.

 

Ruhiyyə DAŞSALAHLI



08.07.2022 | 09:19