IELTS imtahanında uğur qazanan tələbələrə sertifikatlar təqdim edilib

Naxçıvan Dövlət Universitetinin peşəkar müəllim heyətindən ibarət yekun dövlət attestasiya komissiyası tərəfindən İngilis dili müəllimliyi və İngilis dili tərcümə ixtisasları üzrə 4 illik təhsili başa vuran tələbələrin qazandığı biliklər yoxlanılıb.

 

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada ingilis dilli kadrlara olan tələbatın ödənilməsində əsas baza rolunu oynayan xarici dillər fakültəsində tədris peşəkar müəllimlər tərəfindən həyata keçirilir. Bunun nəticəsi olaraq tələbələr ali təhsil ocağında yeni yaradılan IELTS qeydiyyat və imtahan mərkəzində öz biliklərin sınayaraq Britaniya Şurası tərəfindən IELTS sertifikatına layiq görülüb. Rektor bu münasibətlə tələbələri təbrik edərək, onlara gələcək peşə fəaliyyətində uğurlar arzulayıb.

 

Komissiya üzvləri tərəfindən verilən sualları cavablandıran tələbələr yekun dövlət attestasiyasından uğurla keçmiş hesab olunub. Eyni zamanda gələcək karyeralarını hansı istiqamətdə qurmaları barədə tələbələrin fikirləri dinlənilib, onlara müvafiq məsləhətlər verilib.  

 

Magistrlərin və bakalavr təhsilini uğurla başa vuran tələbələrin iştirak etdiyi imtahanda minimum keçid balı 5 bal olaraq qiymətləndirilib və həmin tələbələr arasında müvəffəqiyyət göstərənlər sertifikata layiq görülüb.  

 

Daha sonra IELTS imtahanında uğur qazanan tələbələrə sertifikalar təqdim olunub.

 



10.07.2022 | 10:20