Mingəçevir Dövlət Universiteti Ahmet Yesevi Universiteti ilə əməkdaşlıq edəcək

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Qazaxıstanın Türküstan şəhərində yerləşən Ahmet Yesevi Universitetində (AYU) olub.

 

AYU-nun rektoru Janar Temirbekova ilə keçirilən görüşdə universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılması barədə geniş fikir mübadiləsi aparılıb.

 

MDU rektorunun AYU-nu ziyarət etməsindən məmnunluğunu bildirən J.Temirbekova əsası 1992-ci ildə qoyulmuş Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Üniversiteti haqqında ətraflı məlumat verib.

 

Əsas missiyası Türk dünyasının inkişafına töhfə vermək olan AYU-da 11 fakültədə 10 mindən artıq tələbənin təhsil aldığı bildirilib.

 

MDU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayan J.Temirbekova AYU-da tətbiq olunan universitet idarəetmə modeli, tədrisin və elmi fəaliyyətin təşkili mexanizmi haqqında danışıb.

 

Dost Qazaxıstanın Türküstan şəhərində olmaqdan məmnunluğunu ifadə edən  rektor  Ş.Bayramov MDU-nun modernləşməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, türkdilli ölkələrin universitetləri ilə işbirliyinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb.

 

MDU-da həyata keçirilən kadr hazırlığından, universitetin strateji hədəfləri və mövcud beynəlxalq əlaqələrindən bəhs edən Ş.Bayramov AYU ilə potensial əməkdaşlıq imkanlarını müsbət dəyərləndirib.

 

Müzakirələrdən sonra, MDU ilə AYU arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, ortaq konfrans və seminarların keçirilməsi, qarşılıqlı mühazirələrin təşkili, beynəlxalq layihələrdə birgə iştirak və digər istiqamətlərdə əməkdaşlığın yaradılmasını nəzərdə tutur.

 



13.07.2022 | 16:13