“BestComp Group” tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən təhsil müəssisələri üçün 1000 ədəd kompüter ianə edilib

İyulun 13-də Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsilin İnkişafı Fondu və “BestComp Group” MMC arasında Niyyət Protokolunun imzalanması mərasimi keçirilib. 

 

Mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, “BestComp Group” MMC-nin baş direktoru Fərid Həsənov və digər nümayəndələr iştirak edib. 

 

Qeyd edilib ki, imzalanmış sənədə əsasən “BestComp Group” MMC şirkəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən təhsil müəssisələrinə 1000 ədəd kompüter avadanlıqları ianə olunacaq. 

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov cəmiyyətin gələcək həyatının təhsilin rəqəmsal transformasiyasından asılı olduğunu qeyd edərək bu istiqamətdə Təhsil Nazirliyinin, digər hökumət qurumlarının və özəl sektorun əlaqələndirilmiş şəkildə fəaliyyətinin vacibliyini vurğulayıb. Nazir müavini işğaldan azad olunmuş  ərazilərdə yenidənqurma prosesi çərçivəsində qurulacaq  şəhər və  kəndlərdə istifadəyə veriləcək təhsil müəssisələrində müasir İT infrastrukturunun qurulması məsələsinə toxunub. Muxtar Məmmədov bildirib ki, bu da öz növbəsində ölkədə təhsilalanlar üçün bərabər, fərdiləşdirilmiş və sənaye-əsaslı təhsil imkanlarının yaradılması deməkdir.  

 

“BestComp Group” MMC-nin baş direktoru Fərid Həsənov da öz növbəsində təhsil sahəsində olan əməkdaşlığın cari vəziyyəti barədə məlumat verib və gələcək əməkdaşlıq istiqamətlərində təkliflərini irəli sürüb.

 

 



13.07.2022 | 17:21