Gələcəyi düşünərək

Son  illər təhsil sahəsində həyata keçirilən inkişaf və innovasiya xarakterli layihələr müəllimlər və pedaqoji müəssisələr tərəfindən böyük maraqla qarşılanmaqdadır. Gələcəyi düşünərkən bu layihələrin qlobal dünyanın çağırışlarına adekvat cavab verməsi diqqətəlayiqdir. Ötən tədris ilində Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən  Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsində qalib gəlmiş layihələrin müəllifləri olan müəllimlərimiz öz  axtarışları barədə fikirlərini “Azərbaycan müəllimi”  ilə bölüşüblər.


                    

“Balakənli proqramçılar”

 

Balakən rayonu Amin Novruzov adına Humanitar və Texniki təmayüllü liseyin müəllimi Fatma  Əfəndiyeva  V Qrant müsabiqəsində  "Balakənli proqramçılar" layihəsi ilə qalib gəlib.

 

Fatma  Əfəndiyeva:

- Layihənin əsas məqsədi inkişaf etmiş ölkələrin müasir təhsil sisteminə əsaslanaraq şagirdlərimizin proqramçı kimi yetişmələrinə, müxtəlif sahələrdə uğur qazanmalarına, eyni zamanda ixtisas seçimində düzgün istiqamətlənmələrinə dəstək olmaqdır. Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən  Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinin yaratdığı imkanlardan yararlanaraq , apardığım çoxsaylı araşdırmalara və pedaqoji təcrübəmə əsaslanaraq topladığım materialları bir araya gətirdim. Belə bir nəticəyə gəldim ki, bu gün həyatımızın bütün sahələrində proqramlaşdırmaya və bu işi icra edəcək proqramçı mütəxəssislərə çox böyük ehtiyac var. Bu vacib məsələnin həlli isə məktəbdən başlayır. Proqramlaşdırma mühitində işləmək bacarığı olan hər bir istedadlı şagirdin xüsusi istedadının aşkara çıxarılması, onların daha da inkişaf etməsi, olimpiadalarda, elmi yarışlarda və müsabiqələrdə fəal iştirakına təkan vermək uçün təşkil edəcəyim təlimlər, eyni zamanda həmin şagirdlərin gələcəkdə savadlı mütəxəssis kimi yetişmələrinə və ixtisas seçimində çətinlik çəkməməsinə  yardımçı olacaq. Müasir dövrdə ölkənin inkişafı texniki tərəqqinin, kompüter və informasiya texnologiyalarının yüksək inkişaf səviyyəsindən asılıdır. Bu baxımdan dövlətimizin iqtisadi və siyasi cəhətdən daha güclü inkişafı üçün düşünən beyinə, istedadlı, zəkalı elm sahiblərinə həmişə ehtiyac var. Bu məqsədlə xüsusi qabiliyyəti və istedadı olan uşaqların aşkara çıxarılıb onlarla hərtərəfli iş aparılması məhz təhsil ocaqları qarşısında aktual məsələ kimi durur. Bu işdə məktəbin, müəllimin üzərinə mühüm vəzifələr düşür. Müşahidələr və araşdırmalar göstərir ki, məktəblərdə istedadlı uşaqlar az deyil. Sadəcə, onları üzə çıxarmaq, düzgün istiqamətləndirmək lazımdır. Bütün bu sadaladıqlarımın rayonumuzda həyata keçməsinə layihəmin köməyilə nail olacağıma inandım. Düşündüm kı, həyata keçirəcəyim layihə sayəsində şagirdlər proqramlaşdırma dilində (mühitində) işləmək, məsələ həll etmək, kod yazmaq bacarığını düzgün istiqamətdə mənimsəyəcək və gələcəyin proqramçıları  kimi özlərinin ilk və davamlı addımlarını atacaqlar. Maraqlı və rəngarəng məsələlər uşaqlarda proqramlaşdırmaya maraq yaratmaqla yanaşı, onlarda bu sahəyə aid olan bilik və bacarıqların formalaşmasına da gətirib çıxaracaq. Layihənin istiqaməti sadədən mürəkkəbə doğru olduğundan şagirdlərdə zehni yorğunluğa gətirib çıxarmayacaq. Təcrübəli mütəxəssislərin köməyilə uşaqlar bir-biri ilə fikir mübadiləsi qura biləcək, təhlillər aparacaqlar. Əyləncəli-düşündürücü məsələlər isə uşaqların öz yaşıdları, yaşca böyüklərlə də proqramlaşdırma mühitində ünsiyyət qurmalarına yardımçı olacaq. Proqramlaşdırma prosesində toplanılan təcrübə hər bir istedadlı şagirdin alqoritmik və məntiqi təfəkkürünun inkişafına kömək edəcək, xüsusilə bölgələrdə təhsil alan şagirdlərin olimpiadalarda, elmi yarışlarda gözəl və uğurlu nəticələr əldə etmələrinə xidmət edəcək. Bununla da gələcəyin bacarıqlı  proqramçılarının təməli qoyulmuş olacaq. Həmçinin onlar gələcəkdə ixtisas seçimi ərəfəsində heç bir problemlə üzləşməyəcəklər.

 


Layihənin 4 aylıq icra müddəti ərzində kurikulumdankənar bilik və bacarıqların formalaşdırılması (STEAM, veb dizayn, kodlaşdırma, 3 ölçülü çap, qrafik dizayn, animasiya, robototexnika, leqo, incəsənət, rəqs, ictimai nitq, debat, peşə seçimi, iqtisadi və maliyyə savadlılığı və s.) üzrə VII-XI  sinif şagirdləri STEAM modulları (Micri:bit, sayt olaraq Macecode.microbit.org) və pythone proqramlaşdırma dilinin köməyilə mükəmməl proqramlar qurmaq bacarığı əldə etdilər. Müsabiqə yolu ilə layihəyə cəlb etdiyim 20 nəfər şagird online qaydada təlimlərə cəlb olunaraq, peşəkar mütəxəssislərin səyi nəticəsində proqramlaşdırmanın sirlərini dərindən öyrəndilər. Təlimlərdə öncə mikrobit proqramı üzərindən proqram qurmaq yolları öyrədildi, daha sonra işimiz sadədən mürəkkəbə doğru Python proqramı üzərində quruldu. Şagirdlər  sərbəst olaraq proqram qurma yollarını mənimsədilər. Sadalanan bütün mərhələlərin müsbət nəticəsi şagirdlər arasında mükəmməl proqramçıların yetişməsinə və onların ixtisas seçmə prosesində daha düzgün qərarlar vermələrinə çox yardımçı oldu. Layihənin  ən böyük uğurlarından biri kimi şagirdlərimizdən Şahin Məmmədov və Həmzət Hudulovun Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “SAF” festivalına qoşularaq II yerə layiq görülmələri, eyni zamanda Məryəm Şəkiliyeva, Şahin Məmmədov və Həmzət Hudulovun Respublika fənn olimpiadasında informatika fənni üzrə II tura, həmçinin ölkəmizdə ilk dəfə keçirilən “Teknofest festivalı”na vəsiqə qazanmaları layihənin uğurlarının bariz nümunəsidir. Artıq layihə üzvləri Təhsil Nazirliyinin dəstəyi ilə keçiriləcək “Sabahın alimləri” müsabiqəsinə hazırlaşır.
 

 

“Biz səninləyik! - Təhsilalanlara psixoloji dəstəyin göstərilməsi”

 

Xətai rayonu 287 nömrəli “Zəkalar” liseyinin müəllimi  Leyla Məcidova V Qrant müsabiqəsində “Biz səninləyik! - Təhsilalanlara psixoloji dəstəyin göstərilməsi” layihəsi ilə qalib gəlib. Layihə barədə müəllif özü məlumat verir:

 

- Beynəlxalq araşdırmalara istinad etsək, görərik ki, şagirdlərin 80%-dən çoxu təhsil müəssisəsinə sağlam gəlir. Yəni, uşaqların  psixoloji sağlamlığı  məhz məktəb yaş dövründə formalaşır, özündə müsbət və ya mənfi təsirləri göstərir. Əlbəttə ki, psixoloji sağlamlıq bir çox amillərdən - genetik təsirlərdən, sosial şəraitdən, ekologiyadan və səhiyyə sistemindən asılıdır. Bununla yanaşı, mütəxəssislər məktəblilərin sağlamlığının pisləşməsində mənfi təsirlərin 20%-dən 40% -dək təhsil mühitinə aid olduğunu düşünürlər. Şəxsiyyətin formalaşmasında təhsil prosesi həlledici rol oynayır. Müəllimlərin məqsədyönlü, planlı fəaliyyəti, təhsili, peşəkar yanaşması təbii meyilləri inkişaf etdirmək, şəxsiyyəti formalaşdırmaq üçün nəzərdə tutulub. Bu səbəbdən  layihəmizin məhz bu istiqamətdə olmasını- məktəbdə sağlam sosial-psixoloji mühitin formalaşması üçün fəaliyyəti əsas götürdük.

 

“Biz səninləyik” layihəsi ümumtəhsil müəssisələrində 11-15 yaş qrupu şagirdlərə psixoloji dəstəyin düzgün formada göstərilməsini təmin etmək məqsədilə həyata keçirildi. Niyə məhz 11-15 yaş? BMT-nin uşaqlara qarşı bullinq haqqında 2006-cı il məruzəsində də qeyd edilib ki, məktəblərdə baş verən bullinq  hallarının 80%-i  12-15 yaş qrupunda baş verir. Hər 10 uşaqdan biri məktəbdə zorakılığa məruz qalır. Məktəblərdə fiziki cəzanın qadağan edilməsinə baxmayaraq, incitmə, sataşma, qrup şəklində hücumlar geniş yayılıb. Adətən məktəbdə zorakılığa məruz qalmış uşaqlar təcavüzkardan qorxduqları , məktəb müəllimləri və müdiriyyəti tərəfindən neqativ reaksiyalardan qorunmaq üçün belə hallar haqqında xəbər vermək istəmir və ya çəkinirlər.

 

Bu gün məktəblərdə zorakılığın qarşısını almaqla bağlı çətinliklər mövcuddur. Biz cəza tətbiq etməkdənsə, preventiv mexanizmlərin dəstəklənməsini doğru sayırıq. Artıq çoxdan sübut olunub ki, cəzalar adətən vəziyyəti daha da mürəkkəbləşdirir. Müdiriyyət və pedaqoqlar qorxuya, fiziki güc tətbiqinə, təhdidə, təhqirə əsaslanmayan strategiyadan istifadə etməlidirlər. Təqdim etdiyimiz layihədə məhz bu məqamlar öz əksini ətraflı şəkildə tapıb - mövcud problem, onun törətdiyi fəsadlar və həlli yolları. Layihəmiz qarşıya qoyulmuş bu problemin həlli mexanizmləri üçün böyük dəstək göstərib və davamlı olaraq da tətbiq olunacaqdır.

 

Layihənin məqsədi təhsil müəssisəsində 11-15 yaşlı  şagirdlərin həyatı və ya sağlamlığı üçün təhlükə yaradan zorakılıq hallarının qarşısının alınması üçün məktəbdə şagirdlər arasında maarifləndirmə işlərinin aparılması və informativ mühitin yaradılmasına nail olmaqdır.

 

Layihənin vəzifələrinə Xətai rayon məktəb psixoloqları üçün təlimlərin təşkili, şagirdlərlə birlikdə sinifdə davranış qaydalarının formalaşdırılması, online sorğunun təşkili və məlumatların yığılması; məlumatların təhlili; alınmış nəticələrin əsasında bullinq və qısnama davranışının həll yollarının təklifi, sinifdə uşaqlar arasında nikbin, şən əhvali-ruhiyyəli münasibətlərin əldə olunmasına nail olmaq, bullinq əleyhinə məktəbdaxili qaydalar toplusunun hazırlanması daxildir.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              

Layihənin geniş təqdimatı üçün Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarının, ekspert Ramil Süleymanovun, Hədəf qruplarımızın iştirakı ilə “dəyirmi masa” keçirilib. Layihə çərçivəsində 4 istiqamətdə təlimlər baş tutub. İlk olaraq BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin (TDM)  Psixologiya şöbəsinin rəhbəri, peşəkar psixoloq Səidə Əhmədova tərəfindən  24 akademik saatlıq təlim təşkil edilib. Bu təlimdə psixoloqların məktəbdə əlverişli saglam bir iş mühitinin qurulması istiqamətində bilik və bacarıqları artırılıb. Təlimdə bullinq nədir, onun növləri;  məktəbdə əlverişli sağlam-emosional mühitin yaradılması qaydaları; müəllim və şagirdlərlə düzgün iş metodikası;  şagird-valideyn münasibətlərində uçurumlar və qabaqlayıcı tədbirlər haqqında; sinifdə uşaqlar arasında şən əhval-ruhiyyəli,  nikbinlik üstünlük təşkil edən münasibətlərin təşkil olunmasına nail olmağın yolları barədə təqdimat olub.

   

Müəllimlərlə 36 akademik saatlıq təlim çərçivəsində sinifdə əlverişli sosial-psixoloji iqlimin yaradılması; sinif münasibətlərində ədalət və bərabərlik, sinifdə sosial və psixoloji iqlimin öyrənilməsi və formalaşması; konfliktlər və onları həll etmə yolları; bullinq zorakılığın bir forması kimi və  bullinqlə mübarizə metodları barədə məlumatlar verilib.

 

Valideynlər və şagirdlərlə görüşdə bllinq, məktəbdə əlverişli saglam-emosional mühitin yaradılmasında valideyn və şagirdlərin rolu və yeri; sinifdə sosial və psixoloji iqlimin öyrənilməsi və formalaşmasında sinif rəhbərinə və müəllimə yardım üsulları; bullinqlə mübarizə metodları; valideyn-uşaq münasibəti; məktəblilərin öyrənmə fəaliyyətinin motivasiyası  barədə məlumatlar verilib.   Təlimlər çərçivəsində layihə iştirakçıları ilə əvvəlcədən hazırlanmış anketlər əsasında sorğular keçirilib.  

  

Layihənin icrası nəticəsində aşağıdakı uğurlu nəticələr əldə olunub: 

 

- Layihə məktəbdə şagirdlərin sosial-psixoloji təhlükəsizliyi siyasətinin yaranması məqsədilə 11-15 yaşlı yeniyetmələr arasında geniş yayılmış bullinq/qısnama probleminin həlli yolunda kompleks yanaşmaya əsaslanır. Nəticə etibarı ilə məktəb mühitində  həm pedaqoji heyət, həm də  5-9-cu sinif şagirdləri məktəbdə zorakı davranışa qarşı daha həssas, həlli yolunda daha aktiv olmuşdur. Bunu layihənin əvvəlində və sonunda  həyata keçirilmiş psixoloji anketlərdə asanlıqla müşahidə etmək mümkün olub.

 

- Müəllim heyətinin, psixoloqların peşəkar bacarıq və səriştələrinin sistemli şəkildə artırılmasına nail olunub.

 

- Təlimdən keçirilmiş müəllim və psixoloqlar  bu layihədə əldə etdikləri bilik və bacarıqları öz məktəblərində həyata keçirmiş və davamlı olaraq istifadə edəcəklər. Layihədə, ümumilikdə 120 şagirdin iştirakı nəzərdə tutulsa da, psixoloqlar öz məktəblərində daha çox uşağa dəstək veriblər.

 

- Valideynlərlə zəruri pedaqoji biliklərə yiyələnməyə yönəlmiş işlərin aparılması öz bəhrəsini verib.

 

-Təhsil prosesinin bütün iştirakçılarına (şagirdlərə, müəllimlərə və valideynlərə) zəruri və vaxtında psixoloji dəstək verilməsi üçün “Biz səninləyik” Psixoloji yardım və dəstək qrupu  bu layihənin davamlılığı üçün daim aktiv olaraq çalışacaqdır.

  

Layihə, sadəcə şagirdlərlə araşdırmaya deyil, müəllim və psixoloqlarla birgə işə əsaslanır. Bu, o deməkdir ki, müəllim və psixoloqlar layihə başa çatdıqdan sonra məktəb mühitində formalaşmış şagirdin sosial-psixoloji təhlükəsizliyi siyasətini layihə çərçivəsində əldə etdikləri bilik və bacarıqlarla dəstəkləyə biləcəklər. Xüsusilə müəllimlərin məktəblərdə bu yaş qrupları ilə mütəmadi çalışacaqlarını nəzərə alaraq onlar növbəti illərdə də V-IX sinif şagirdləri ilə bullinq/qısnama davranış modellərinin həllində peşəkarlıq nümayiş etdirə biləcəklər.
 

Layihənin davamlılığını təmin etmək məqsədilə şagirdlərin sosial-psixoloji təhlükəsizliyi siyasətinin məktəbdə dəstəklənməsi üçün dəhlizlərdə, sinif otaqlarında – şagirdlərin tez-tez vaxt keçirdiyi yerlərdə - qısnama və zorakı davanış modellərinin müxtəlif səbəbləri, fərdlərin indiki və gələcək həyatlarına təsiri, məktəb mühitində müəllim, məktəb administrasiyası və valideynlərin köməyilə müvafiq həll yolları, vizual-informativ posterlər yer alacaq. Bundan əlavə, layihənin nəticələri ilə bağlı bullinq davranışının həll yollarının əks olunduğu vəsait onlayn linklər vasitəsilə virtual dərs platformasına yerləşdiriləcək və müəllimlər, psixoloqlar, valideynlər, eləcə də şagirdlərin ixtiyarına veriləcək.

 

Oruc MUSTAFAYEV
 

 



14.07.2022 | 14:44