MÜƏLLİM olmaq istəyirəm...

İyulun 14-dən 2022-2023-cü tədris ili üçün ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi start götürdü. Bu il ilk imtahan riyaziyyat müəllimliyi üçün təşkil olundu. Ölkə üzrə 4000-dən artıq şəxs eyni gün, eyni saatda riyaziyyat müəllimliyi üçün imtahan verdi. Səhər saat 10.30-da başlayan imtahanlarda dəvət olunanların əksəriyyəti iştirak etdi. Bakı şəhərində imtahan mərkəzlərindən biri ənənəvi olaraq Azərbaycan Texniki Universitetinin idman zalı idi. İmtahan həyəcanı binanın həm içərisində, həm də çölündə hiss olunur. Gözünü binanın qapılarına dikən ata-analar, qucağında uşaqla həyat yoldaşını gözləyən ərlər var. “Özüm də imtahan verəcəyəm, fiziki tərbiyə müəllimliyi üçün”, - deyib uzaqlaşan və vaxtından əvvəl binanın qabağında yerini tutan namizədlər də çoxdur.

 

Gecikməkdən ehtiyat edənlərdir hər biri. Bilirlər ki, gecikən imtahandan qalır. İmtahahan qaydalarına görə, namizəd vaxtında şəxsi səhifəsində qeyd olunan tarix və məkanda olmalıdır ki, imtahanda iştirak edə bilsin. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmır.

 

Əllərində kitabla yerə oturub imtahan saatına qədər  oxumaqda kəramət axtaranlar da gözümüzdən qaçmır. Aralarında artıq müəllim işləyən də var. Amma bu gün müəllim olduğunu unudub, imtahan həyəcanı yaşayırlar...

 

“Balamı müəllim görmək istəyirəm”

 

 

Çöldə həyəcanlananlardan biri anadır. Yaqut Orucova qızı Nərminin yolunu gözləyir. Ötən il Bakı Dövlət Universitetindən məzun  olub: “Müəllim işləmək istəyir. Mənim də arzumdur, balamı müəllim görmək istəyirəm. Məktəbə getdiyini, dərsə girdiyini görmək ən böyük xəyalım olub”.

 

 

 

 

İmtahan gedir

 

AzTU-nun hər 3 imtahan zalı dolu olsa da, ara-sıra boş yerlər də görünürdü. İmtahana nəzarət edən “Bir” könüllü əməkdaşlarının sözlərinə görə, boş olanlar imtahana gəlməyənlərin yeridir.

 

TEST-də yenilik: imtahan üçün verilən vaxtdan tutmuş toplanan bala qədər hər şey dəyişdi

 

Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Ötən illərdən fərqli olaraq bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt verilib. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanır. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq edilir.

 

Bu il imtahanlarda dəyişikliklərdən biri hesablanma qaydası ilə bağlıdır. Belə ki, bu il test mərhələsi namizədlərdən daha çox diqqət tələb edir. Çünki yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərir. İxtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanır və doğru cavablardan silinir.

 

Bərabər imtahan şəraiti

 

Test imtahanı mərhələsinin ən böyük yenilıiklərindən biri Azərbaycan dili və Ədəbiyyat, ibtidai sinif və ingilis dili fənlərini çıxmaq şərtilə, digər bütün fənlər üzrə imtahanların eyni gündə, eyni saatda təşkil edilməsidir. İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Azərbaycan müəllimi” qəzetinə belə deyib:  “Bu il əsas nail olmağa çalışdığımız hədəflərdən biri ayrı-ayrı fənlər üzrə imtahanları eyni gündə, hətta eyni vaxtda keçirmək idi. Bu istiqamətdə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə birlikdə çox ciddi işlər görülüb. Nəticədə 5000-dən artıq namizədin eyni vaxtda imtahan verməsinə nail olduq. Bununla da riyaziyyat müəllimliyi üçün imtahan verən bütün namizədlərə bərabər imkanlar yaratdıq. 19 fənn üzrə imtahanlar keçiririk, onlardan 16-sı üzrə belə bir problemimiz olmayacaq”.

 

Yəni ayrı-ayrı fənlər üzrə bütün namizədlər eyni vaxtda, eyni saatda, eyni həcmdə, çətinlik və ya asanlıqda suallara cavab verəcəklər.

 

N.İsmayılbəyli məzmun dəyişikliyinə də diqqət çəkib: “Digər fənlər üzrə də məzmunun təkmilləşdirilməsi baxımından əlimizdən gələni edirik. Bu il çalışmışıq ki, namizədlərə faydalı, yararlı, qiymətləndirmə çərçivəsinə uyğun suallar təqdim olunsun.  Qiymətləndirmə şkalamız dəyişib. Əvvəl 60 sual 60 bal idi, səhv cavabın düzə təsiri yox idi. Bu da eyni bala sahib namizədlərin fərqləndirilməsində problemlər yaradırdı. Artıq səhvlərin düzə təsir etməsi namizədlər arasında  fərqi daha bariz ortaya qoyacaq. Əvvəl 55 və 56 bal arasında heç bir fərqləndirmə yox idi. Ancaq indi 57 və 58 bal arasında 4 müxtəlif şkala yarana bilər. Bu nöqteyi-nəzərdən namizədləri də, elə bizim özümüzü də fərqli imtahan gözləyir. Bu imtahanların nəticələri özümüz üçün də olduqca maraqlıdır. Bilmək istədiklərimizdən biri odur ki, 90-100 ballı namizədlər neçə nəfər olacaq? Orta bal harda formalaşacaq? Namizədlərin hazırlıq səviyyəsinə baxsaq, ötən illərin nəticələrinə əsasən deyə bilərik ki, 60 faizdən yuxarı namizədlərin sayı çoxdur. 60 ballıq sistemdə bu, özünü göstərirdi. İndi görək 100 ballıq sistemdə bu, necə əks olunacaq?”

 

N.İsmayılbəylinin sözlərinə görə, bu il ən çox ibtidai sinif müəllimliyinə, ən az xarici dil müəllimliyinə imtahan verəcək: “Ölkəmizdə əsas tədris olunan xarici dil fənni ingilis dilidir. Az tədris olunan isə alman və fransızdır. Buna görə də bu dillər üzrə imtahan verənlərin sayı azdır”.

 

Mərkəz direktoru müəllimlərin işə qəbul imtahanında ən çox ibtidai sinif müəllimliyi üzrə namizədlərin çoxluq təşkil edəcəyini, təxminən 11 mindən çox namizəd olacağını vurğulayıb.

 

İmtahan bitmədən suallar bitdi?

 

İmtahan üçün 120 dəqiqə vaxt verilsə də, 40 dəqiqə sonra namizədlər çıxmağa başladılar. Çıxanların əksəriyyəti uğursuz nəticə əldə edib. Bəziləri “Körpə uşağım var, o məni gözləyir”, - deyir. Uğursuzluğa baxmayaraq, imtahandan danışmaqdan çəkinməyənlər də var. Məsələn, Elnarə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. Ötən il imtahan verib: “Keçən ilə nisbətən suallar normal idi. Çətin suallar vardı. Təşkilati baxımdan da ötən illə müqayisədə bu dəfə üstünlüklər çoxdur. Məsələn, bu dəfə namizədlərin arasına çəkilən lövhə yanındakı namizədin ekranını görmək və ondan köçürmək ehtimalını aradan qaldırdı”.

 

 

Daha bir namizəd çıxır. Firuzə Qasımova Naxçıvandandır. 36 bal toplayıb. Şərur rayon Dərəkənd tam orta məktəbinin müəllimi sertifikasiya imtahanı da verib və dediyinə görə, sertifikasiya elə MİQ imtahanlarına bənzəyir:

 

“Naxçıvanda sertifikasiya imtahanlarında da iştirak edib 58 bal toplamışam. Burda 36 bal görəndə təəccübləndim. Hər halda səhv cavablara görə belə çıxdı nəticəm. Suallar çox yaxşıydı. Əslində, bu imtahanda elə suallarla tanış olmaq üçün iştirak etdim. MİQ imtahanlarında kurikulum sualları daha çətin gəldi mənə”.

 

 

Dünən əvvəlcə riyaziyyat, sonra fiziki tərbiyə, alman və fransız dilləri üzrə imtahanlar keçirildi.İmtahanların ilk günündə 8000-dən artıq namizəd dəvət olunmuşdu. Onların 80 faizi imtahanlara qatılıb.

 

Bu gün isə Azərbaycan dili, Azərbaycan dili və Ədəbiyyat, Texnologiya müəllimliyinə 9000-dən çox namizəd imtahan verəcək.

 

Ümumilikdə 54 min 745 namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkənin 10 müxtəlif şəhəri olmaqla, 15 imtahan mərkəzində təşkil olunub.

 

Ruhiyyə DAŞSALAHLI

 



15.07.2022 | 09:31