Narkomaniyaya YOX!

Narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Hesablamalara görə, bu gün dünyada 250 milyona yaxın insan narkotiklərdən əziyyət çəkir. Bu, 15-64 yaş üzrə dünyada əhalinin 5%-ni təşkil edir. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə qarşı profilaktik tədbirlər görmək daim diqqətdə saxlanılan vacib məsələlərdəndir. Çünki sağlamlıq insanın yalnız xəstə olması ilə dəyərləndirilmir, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdir.

 

İnsan üçün ən vacib amil həyatda sağlamlıqdır, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Bunun üçün valideyn və övlad arasında düzgün münasibətlərin qurulması, düzgün qidalanma, iş və asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmaq və şəxsi gigiyenaya fikir verilməsi kimi əsas məqamlara xüsusi diqqət yetirmək lazımdır. Şəxsiyyətin formalaşmasında cəmiyyətin böyük rolu olsa da, birinci onun tərbiyə aldığı ailədir. Xüsusilə ata faktoru.

 

Nigahdan öncə tibbi müayinə artıq bütün dünyada ən çox danışılan və mübahisələrə, müzakirələrə səbəb olan mövzudur. Mütəxəssislərin fikrincə, nigahdan öncə tibbi müayinə gələcəkdə ailə üçün hərtərəfli - həm fiziki, həm də psixoloji baxımdan möhkəm zəmindir!

 

Narkomaniya insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına böyük təhlükə yaradır, həmçinin cinayətkarlığın artmasına səbəb olur. Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımdan əsas məqsəd və vəzifələrdəndir. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri narkomaniyadır. Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. İnsan amili dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifədir.

 

İnsan ölümü müxtəlif səbəblərdən baş verə bilər. Müharibələr, yoluxan xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə aclıq və s. bu amillərin sırasındadır. Son vaxtlar bu sıraya “ağ ölüm” adlandırdığımız narkomaniya da əlavə olunub. Narkomaniya insanları tədricən məhv edir, ölümə aparır.

 

Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda isə narkomaniya müxtəlif xalqların genefonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə, ümumbəşəri bəlaya çevrilib. Digər tərəfdən, narkotik maddələrin qanunsuz dövriyyəsi gəlir əldə  etmək üçün başlıca vasitə olub.

 

Narkotik maddələr - tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Ən yaxşısı narkotikdən heç vaxt istifadə etməməkdir. Narkotik maddələr mərkəzi sinir sisteminə spesifik təsir göstərir və tez bir zamanda asılılıq yaradır. Narkotik yunanca “narke” sözündən götürülüb, mənası yuxu, bihuşluq, cəzb etmə, ağılsızlıq deməkdir. Narkomanlıq xroniki intoksikasiya doğuran və asılılıq yaradan bir xəstəlikdir.

 

Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Orqanizmin zəifləməsi, daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepoetitidir. Bundan başqa, narkomanlar ən çox QİÇS virusuna yoluxurlar.

 

Narkotik aludəçilərinə sorğular göstərir ki, ailədə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər ola bilər. Narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlərin də olması faktdır.

 

Təəssüf ki, bu gün narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bu hal çox qorxuludur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Gənclər arasında idmanın, mədəni- kütləvi tədbirlərin genişləndirilməsi, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır.

 

Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problem olaraq qalmaqdadır.

 

Töhfə İSMAYILOVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

 



15.07.2022 | 15:34