Bakı Ali Neft Məktəbində “Məzun Günü”

Bakı Ali Neft Məktəbində (BANM) növbəti “Məzun Günü” keçirilib.

 

BANM-in rektoru Elmar Qasımov məzunları təbrik edərək onlara gələcək həyat və peşə fəaliyyətlərində uğurlar arzulayıb.

 

Rektor qeyd edib ki, yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış, burada peşəkar kadr kimi yetişmiş tələbələrin məzun olmaları sevindirici haldır: “Bakı Ali Neft Məktəbi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” çağırışının bariz nümunəsidir. Fəaliyyətə başladığı gündən Ali Məktəbimiz yüksəkixtisaslı, ingilisdilli peşəkar kadrlar hazırlamaq missiyasını uğurla yerinə yetirir. Bizim tələbə və məzunlarımız yüksək intellekt, bilik və bacarıqlara malik gənclərdir. Artıq bakalavr səviyyəsi üzrə altıncı, magistr səviyyəsi üzrə dördüncü məzun buraxılışını həyata keçiririk. Böyük qürur və fəxarət hissi ilə bildirirəm ki, Ali Məktəbimizin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışaraq iqtisadiyyatın, sənayenin inkişafına töhfələr verir, dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirir, nəhəng şirkətlərdə Azərbaycanı layiqincə təmsil edirlər. Təhsil aldıqları müddətdə uğurlar qazanaraq, peşəkar ingilisdilli kadrlar kimi yetişən daha bir qrupumuz – bakalavr və magistratura üzrə ümumilikdə 168 tələbə - təhsil dövrünü tamamlayaraq karyera və növbəti təhsil addımlarının təməlini qoyur. Əminəm ki, BANM-in builki məzunları da əvvəlki məzunların uğurlarını davam etdirəcək, Azərbaycanın intellektual əsgərləri olaraq ölkəmizi və Ali Məktəbimizi layiqincə təmsil edəcəklər”.

 

Rektor əlavə edib ki, artıq bu ilki məzunlar növbəti təhsil pilləsi və karyera sahəsində ilk uğurlarını qazanıblar: “Ali Məktəbin bu ilki məzunlarından 31 nəfəri SOCAR-ın 8 müəssisəsində işə qəbul olub. Ölkəmizdə fəaliyyət göstərən xarici və yerli şirkətlərdə işə qəbul olan tələbələrin sayı 20-yə yaxındır. Məzunlarımızın diplom almadan işə qəbul olunmaları, nüfuzlu ali təhsil müəssisələrinə təqaüd qazanmaları Azərbaycan dövlətinin qayğısının, SOCAR-ın yaratdığı şəraitin və Ali Məktəbimizin fədakar professor-müəllim heyətinin əməyinin, tələbələrimizin zəhmətinin göstəricisidir. MBA proqramında təhsil alan tələbələrimizin 90%-i çalışır. Məzunlarımızdan təxminən 40 nəfəri təqaüd qazanaraq dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil alacaq. Bu məzunların 5 nəfəri ABŞ universitetlərinə tam təqaüdlə doktorantura pilləsinə qəbul olub, 10 nəfəri Almaniya universitetlərində təhsillərini davam etdirəcək. Almaniya universitetlərinə qəbul olan tələbələrimizin 7-si DAAD proqramının təqaüdünü qazanmış tələbələrdir”.  

 

Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məzunları təbrik edərək onlara uğurlar arzulayıb. O, tələbələrin BANM-də  peşəkar kadrlar kimi yetişdiyini, burada aldıqları bilik və bacarıqların həyatlarının növbəti mərhələsində böyük rol oynayacağını bildirib.

 

Məzunları təbrik edərək onlara uğurlar arzulayan təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, Bakı Ali Neft Məktəbi qısa müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq, ilk gündən uğurlar əldə edib, böyük nüfuz qazanıb. Nazir müavini BANM-in Fərqlənmə diplomu ilə bitirən  məzunların sayına görə də yüksək göstərici əldə edərək ölkə ali təhsil müəssisələri arasında seçildiyini qeyd edib. 

 

Sonra bakalavr məzunları adından Kimya mühəndisliyi ixtisasının məzunu Güllü Hüseynli, magistratura məzunları adından MBA məzunu, Ali Məktəbin Karyera və Tələbələrlə İş şöbəsinin müdiri Emil Aslanlı, əcnəbi tələbələr adından Kimya mühəndisliyi üzrə magistratura məzunu, perulu tələbə Belka Asevedo Lozano çıxış edərək, BANM-in məzunu olmaqdan böyük qürur hissi keçirdiklərini vurğulayıb və onların gənc mütəxəssis kimi yetişmələrində, bilik, bacarıqlarının formalaşmasında böyük əməyi olan Ali Məktəbin rəhbərliyinə, fədakar müəllimlərə təşəkkürlərini bildiriblər.

 

“Məzun Günü” diplomların təqdimolunma mərasimi və bədii hissə ilə davam edib. 

 



19.07.2022 | 16:26