Azərbaycan ötən altı ayda xarici siyasətində uğurlu addımlar atdı

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə Azərbaycanın bu müddətdə gördüyü işlərin aydın hesabatı idi və bu hesabat ölkəmizin uğurlu inkişafına dair məqamlarla xeyli zəngin idi. 

 

Xüsusilə xarici siyasət istiqamətində atılan addımların xronikası ictimai rəyin diqqətlə və maraqla izlədiyi prosesləri ümumiləşdirdi və əhəmiyyətinə təkrar diqqət çəkdi.

 

Müşahidələr onu deməyə əsas verir ki, ötən altı ayda Azərbaycan xarici siyasət kursunda olduqca fəal mövqe nümayiş etdirdi. Bu, bir tərəfdən Qarabağ münaqişəsini həll edərək Azərbaycanın qazandığı uğurlara bağlı idi, digər tərəfdən dünyada baş verən proseslərdə tutduğu mövqedən irəli gəlirdi.

 

Konkret olaraq, Azərbaycan Qoşulmama Hərəkatında öz sədrlik vəzifəsini uğurla yerinə yetirdi və sədrlik 2023-cü ilə qədər uzadıldı. Bu, ölkəmizə olan yüksək etimadın ifadəsi idi. Bəllidir ki, Hərəkatda 120 ölkə təmsil olunur və onların yekdil rəyi ilə sədrlik müddətinin uzadılması Azərbaycanın dünyadakı nüfuzu ilə sıx bağlılıq təşkil edir. Üstəlik, burada ölkəmizin Hərəkatın işinə verdiyi töhfələr də mühüm rol oynayır. Bu töhfələr nədən ibarətdir?

 

Məlum olduğu kimi, bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı oldu və Parlament Şəbəkəsi formalaşdırıldı. Bu təşəbbüsün müəllifi Azərbaycan idi. Hazırda Gənclər Platforması da yaradılır. Üstəlik, Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaq. Ehtiyac içərisində olan ölkələr üçün göstərilən humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə verilən dəstək ölkəmizin beynəlxalq nüfuzunu artıran faktorlardan biri oldu.

 

Xarici siyasətdə İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin möhkəmlənməsi də önəmli yer tutdu. İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi azad edilmiş torpaqlara - Füzuliyə, Şuşaya səfər etdi ki, bu da erməni vəhşiliyinə şahidlik, apardığımız haqlı davanın müdafiəsi baxımından mühüm əhəmiyyətə malik idi.

 

Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq qabarıq səciyyə daşıdı və çox gözəl nəticələr ortaya qoydu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə bir neçə görüş keçirildi. Bu görüşlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını özündə ehtiva edən mühüm görüşlər idi, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələrin aparılması nöqteyi-nəzərindən vaciblik daşıyırdı. İlin əvvəlində Avropa İttifaqı rəsmiləri ilə enerji dialoqu aparılmışdı ki, artıq onun da müsbət nəticəsi var, belə ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Enerji təhlükəsizliyi ilə bağlı olan bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəddir və sözsüz ki, əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq.  

 

Bundan başqa, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən İlham Əliyev - Şarl Mişel-Nikol Paşinyan görüşlərində Ermənistan və Azərbaycan arasında normal münasibətlər üçün yaxşı təməlin yaranmasını da xarici siyasətimizin uğuru kimi qeyd etməliyik.

 

Azərbaycanın xarici siyasətinin vacib və effektiv məqamlarından danışarkən,  Türk Dövlətləri Təşkilatı ilə də aparılan danışıqların, yaradılan sıx münasibətlərin önəmli yerdə dayandığını qeyd etmək lazımdır. Bu il Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla üç dəfə görüşməsi, aprel ayında Qırğızıstan Prezidentinin Azərbaycana səfəri, iyun ayında Azərbaycan rəhbərinin Özbəkistan və Türkmənistana səfərləri, Özbəkistan və Türkmənistanın dövlət başçıları ilə, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşlər keçirməsi, gələn ay Qazaxıstan Prezidentinin Azərbaycana gözlənilən səfəri ondan xəbər verir ki, türk dövlətləri ilə əlaqələr ölkəmizin xarici siyasətində prioritetlik təşkil edir; bu ölkələrlə siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur; önəmli layihələr üzərində - nəqliyyat, energetika, digər sahələr üzrə fəal iş aparılır.

 

Paralel olaraq Rusiya, İran, Gürcüstan prezidentləri ilə işgüzar təmasların olması da müsbət haldır və ölkələrimizin münasibətlərinin pozitiv məcrada inkişafına xidmət edir.   

 

ABŞ-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində də önəmli addımlar atılıb. Yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilib. Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Prezidentinə həm ölkəmizin Müstəqillik Günü, həm də Bakı Enerji Həftəsinin açılışı ilə bağlı məktub göndərib. Bu diqqət deməyə əsas verir ki, böyük tarixə malik  ABŞ-Azərbaycan əlaqələrinin etibarlı gələcəyinin olması şübhəsizdir.

 

Azərbaycanın qeyd olunan müddətdə xarici siyasətinin ən geniş və daha aktiv hissəsi Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində atılan addımlarla bağlıdır. Çünki Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq, Ermənistan hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Doğrudur, Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Brüssel görüşlərinin müəyyən nəticələri var. Delimitasiya ilə bağlı işçi qruplarının birinci görüşü keçirilib. Gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur. Bu görüşlərdən tezliklə nəticə gözlənilməsə də, prosesin özünün başlanması müsbət hal kimi dəyərləndirilır.

 

Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib ki, bunun özü də müsbət haldır. Bütün bunların hamısında təşəbbüskar da, cəhd göstərən də, səylə çalışan da sözsüz ki,  məhz Azərbaycandır. Və Azərbaycanın xarici siyasətinin Ermənistanla bağlı səhifəsi Rusiya, Türkiyə, Avropa İttifaqı tərəfindən dəstəklənir.

 

Lakin kifayət qədər mənfi məqamlar hələ də qalır və Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Bunlar nədən ibarətdir?

 

Ondan ibarətdir ki, sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb. Ermənistana gəldikdə, onun tərəfindən hələ ki, belə bir addım atılmayıb.

 

Bundan başqa, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması öhdəliyi yerinə yetirilmir. Baxmayaraq ki, Azərbaycan Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırıb, Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən Azərbaycan Müdafiə Nazirliyinə söz verib, lakin  erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması məsələsi öz həllini tapmayıb. Prezidentin müşavirədə bu məsələyə mövqeyi həmişə olduğu kimi, sərt və aydın idi: “Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.

 

İkinci narahatedici məqam Laçın yolunun açıq olması müqabilində Azərbaycana Naxçıvana getmək imkanının yaradılmamasıdır. Məlumdur ki, bu məsələlər 10 noyabr Bəyannaməsində öz əksini tapıb, fəqət Azərbaycan üzərinə götürdüyü öhdəliyi-Laçın yolunun açıq olmasını yerinə yetirsə də, Ermənistan Naxçıvanla bağlı öhdəliyi istiqamətində heç bir addım atmır. Azərbaycan eyni yanaşmanı tələb etməkdən çəkinmir və haqlı olaraq öz maraqlarını ardıcıl müdafiə edir.

 

Status məsələsindən əl çəkmək istəməyən Ermənistana Azərbaycanın qəti, prinsipial münasibəti birmənalıdır.   

 

Azərbaycan Prezidentinin sitatı ilə baxaq: “Status haqqında danışmaq Ermənistan üçün, hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq”.

 

Sözsüz ki, xarici siyasətində uğurlu addımlar atan, mövqeləri beynəlxalq təşkilatlar, xarici dövlətlər tərəfindən dəstəklənən Azərbaycanın Ermənistanla əlaqələrin normallaşması, bölgəyə davamlı və etibarlı sülhün gəlməsi istiqamətində  yürütdüyü düzgün siyasətin, atdığı gərəkli addımların konkret və müsbət nəticələri tezliklə ortaya qoyulacaq.

 

V.ALLAHVERDİYEVA

 



20.07.2022 | 12:00