I və IV ixtisas qrupları üzrə imtahanın nəticələri yaxın 2 həftə ərzində elan olunacaq

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. 

 

İmtahan 16 şəhər və rayonda təşkil olunub.

 

DİM-dən bildirilib ki, ilkin məlumatlara əsasən, 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

 

İmtahanda 25339 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda, həmçinin 23 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

 

Bu gün saat 15:00-da DİM-in “Youtube” və “Facebook” səhifələri vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm I, həm də IV ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

 

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya [email protected] elektron poçtuna göndərə bilərlər.

 

Bu gündən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

 



21.07.2022 | 14:19