Türkmənistanın Bakıdakı Baş konsulu Azərbaycan Dövlət Pedaqoji Universitetində olub

İyulun 19-da Türkmənistanın Bakıdakı Baş konsulu Sultan Açilov və 3-cü katib Bekmamed Keldjayev Azərbaycan Dövlət Pedaqoji Universitetində olub. Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova qonaqlarla görüşüb və onları Azərbaycan Dövlət Pedaqoji Universitetində görməkdən məmnunluğunu ifadə edib.

 

Görüşdə Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, rektorun müşaviri Ümid Mehdiyev və filologiya.az saytının rəhbəri Aynurə Əliyeva  iştirak edib.

 

Prezident cənab İlham Əliyev tərəfindən uğurla aparılan daxili və xarici siyasət nəticəsində son illər ölkəmizdə, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də qazanılan böyük uğurlardan bəhs edən professor Mahirə Hüseynova qeyd edib ki, Azərbaycanla Türkmənistan arasında siyasi, iqtisadi əlaqələrimizin, eləcə də elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığımızın yüksək səviyyədə inkişafı daha da möhkəmlənməlidir.

 

Türk xalqlarının bir-birinin tarixinə, coğrafiyasına, etnoqrafiyasına, dilinə daha yaxından bələd olmaları üçün universitetlərarası əlaqələrə böyük önəm verilməlidir.  Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Türkmənistan universitetlərinin birgə beynəlxalq konfranslarını, təlim və seminarlarını, kadr və tələbə mübadilələrini təşkil etmək olar ki, bütün bunlar hər iki dövlətin təhsil sahəsinə öz gözəl töhfələrini verə bilər.

 

Professor Mahirə Hüseynova ADPU-da Türk araşdırmaları kafedrası yaratmaq istəyindən də söz açıb.

 

Mahirə Hüseynova daha sonra  Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaranma tarixi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələrindən danışaraq, bu tədris ocağının dünyanın bir çox aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini vurğulayıb. Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində olan Əcnəbi tələbələrlə iş şöbəsində türk və çinli tələbələrə nisbətən türkmən tələbələrin çox az sayda olduğunu nəzərə çatdıran professor Mahirə Hüseynova gələcəkdə türkmən tələbələrin daha çox sayda Pedaqoji Universitetdə təhsil almaları üçün hər cür şəraitin olmasına diqqəti yönəldib.

 

Pedaqoji Universitetin dünyanın bir çox reytinqli universitetləri ilə əlaqələrinin olduğunu nəzərə çatdıran prorektor M.Hüseynova ADPU-nun Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramının olduğunu, bu sahədə böyük təcrübə qazandıqlarını bildirib.

 

Türkmənistan konsulu  Sultan Açilov və 3-cü katib Bekmamed Keldjayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türkmənistan universitetləri ilə əlaqələrinin yaradılması, yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov Türkmənistan universitetləri ilə elmi-pedaqoji kadrların hazırlanmasında yeni əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildirib. Bir əsrlik tarixə malik Pedaqoji Universitetin 3 məzununun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olduğunu qonaqlara fəxrlə söyləyən prorektor Asəf Zamanov hər iki qardaş ölkə arasında tələbə mübadiləsinə önəm verilməsinin vacibliyini xatırladıb.

 

Prorektor A.Zamanov türk xalqlarının dillərinin qoruması, öz dillərində danışması, kökünə, tarixinə bağlı olmasının əhəmiyyətindən bəhs edib. Ölkəmizdə Azərbaycan dilinə Prezident cənab İlham Əliyev tərəfindən göstərilən qayğı və diqqəti, dilimizin təmizliyi, qorunması ilə bağlı verilən sərəncam və qərarları nümunə göstərib.

 

Professor Asəf Zamanov Türkmənistan universitetləri ilə elmi sahədə əməkdaşlığın xüsusi önəmi olduğunu bildirib. Xüsusilə dissertasiya işlərinin müdafiəsi sahəsində yeni ixtisaslarla bağlı kadr çatışmazlıqlarının yarandığını, qarşılıqlı əlaqə nəticəsində bunun aradan qaldırıla biləcəyini bildirib. Həmçinin qeyd edib ki, magistr və doktorantların mübadiləsi də maraq dairəmizdədir. Universitetimizdə 8 dövrü jurnal fəaliyyət göstərir. Hər biri AAK-ın qeydiyyatından keçib. Bu mənada biz həm Türkmənistanda olan elmi dövrü jurnallarla, həm də elmi-pedaqoji kadrların hazırlanmasında yaxşı əməkdaşlıq edə bilərik.

 

Görüşdə Azərbaycan və Türkmənistanın elm, təhsil, mədəniyyət sahəsində əlaqələrinin möhkəmlənməsi, inkişaf etdirilməsi yolları müzakirə edilib, həmçinin, iki ölkənin təhsil sahələri arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

 

ADPU-nun fakültələri haqqında qonaqları rektorun müşaviri Ümid Mehdiyev məlumatlandırıb. O, Pedaqoji Universitetdə tədris binaları ilə yanaşı tələbə yataqxanasının mövcud olduğunu,  kadr hazırlığını həyata keçirən ixtisasların peşəkar müəllimlər tərəfindən öyrədildiyini diqqətə çatdırıb. Universitetin xarici əlaqələrinin də  professor Mahirə Hüseynova tərəfindən yüksək səviyyədə qurulduğunu bildirib.

 

Ümid Mehdiyev universitetlərarası əlaqələrin inkişaf etdirilməsi üçün Türkmənistanın uyğun universitetləri ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında memorandum imzalanması ilə əlaqələri rəsmiləşdirmək və müzakirə olunan məsələləri həyata keçirməyin mümkünlüyündın danışıb.

 

Daha sonra prorektor Asəf Zamanov qonaqları ADPU-da yaradılan Türksoy kafedrası ilə tanış  edib.

 

Səmimi qəbula görə Beynəlxalq əlaqələr üzrə prorektor Mahirə Hüseynovaya və Elm və innovasiyalar üzrə prorektor Asəf Zamanova təşəkkür edən Türkmənistanın baş konsulu Sultan Açilov bildirib ki, ADPU haqqında həmişə yüksək fikirlər eşidib. Burada təhsil alan azsaylı türkmənistanlı tələbələr də universitetdə olan təhsil mühitindən və tədrisin keyfiyyətindən razılıq ediblər.

 

ADPU-nun uğurlarından məmnunluğunu bildirən qonaqlar qardaş ölkə universitetlərinin əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiriləcəyindən əminliklərini  ifadə ediblər.

 



22.07.2022 | 11:52