Bu ilki imtahanlarda II ixtisas qrupu üzrə ən yüksək nəticə 681.4, III ixtisas qrupu üzrə ən yüksək nəticə 666.6 baldır

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) II və III ixtisas qrupları üzrə 6-7 iyul 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

DİM-dən bildirilib ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər. 

 

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 29398 abituriyentdən (II qrup üzrə 12778 nəfər, III qrup üzrə 16620 nəfər) 509 nəfəri (II qrup üzrə 301 nəfər, III qrup üzrə 208 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) Ağsu rayon Musabəyli kənd orta məktəbinin məzunu göstərib. II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhər Akademik Zərifə Əliyeva adına Liseyin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 386.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 681.4 baldır.

 

III ixtisas qrupu üzrə ən yüksək nəticəni (388.2 bal) Ağdam rayon 89 saylı orta məktəbinin məzunu göstərib. III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Şamaxı şəhər 1 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 386.8 bal, birinci mərhələsində isə 279.8 bal toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 666.6 baldır.

 



22.07.2022 | 17:00