Alimlərimiz Səmərqənddə keçirilən VI beynəlxalq konqresdə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Özbəkistanın  Səmərqənd şəhərində keçirilən “Özbəkistanın mədəni sərvəti yeni intibahın təməli kimi” mövzusunda VI beynəlxalq konqresdə iştirak ediblər.

 

Özbəkistanın dünya ölkələrindəki mədəni irsinin öyrənilməsi, mühafizəsi və təbliği cəmiyyətinin həyata keçirdiyi “Özbəkistanın mədəni mirası dünya saxlanclarında” layihəsi çərçivəsində baş tutan və müxtəlif ölkələrdən görkəmli əlyazmaşünas, sənətşünas, kitabşünas və şərqşünasların iştirak etdiyi bu tədbirdə Azərbaycanda mühafizə olunan özbək əlyazmaları da təqdim olunub.

 

Belə ki, akademik Teymur Kərimli Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Pakistan və Monqolustanın məşhur muzey mərkəzlərinin, milli kitabxanalarının və əlyazma institutlarının rəhbərlərinin qatıldığı “Xalqları birləşdirən miras: Mərkəzi Asiya və Azərbaycan” mövzusunda təşkil olunan dəyirmi masada çıxış edib. Alim Əlyazmalar İnstitutunda mühafizə olunan və UNESCO-nun “Dünyanın yaddaşı” siyahısına salınan Əbu Əli ibn Sinanın məşhur “Əl-qanun fit-tibb” əsərinin II cildinin 1143-cü ildə köçürülmüş Bakı nüsxəsi, Əmir Əlişir Nəvai əsərlərinin ən qədim və nadir əlyazma nümunələri, dünyada yeganə nüsxəsi yalnız Bakıdakı Əlyazmalar İnstitutunda qorunan “Qədərxan lüğəti” barədə məlumat verib, institut tərəfindən çapa hazırlanan və özbək xalqının əlyazma irsini özündə ehtiva edən nəfis nəşrləri beynəlxalq cəmiyyətin üzvlərinə təqdim edib, ölkələrimiz arasında əlyazmaşünaslıq sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri haqqında fikirlərini bölüşüb.

 

Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov isə “Özbəkistanın mədəni irsi dünya saxlanclarında” layihəsinin “Nəşr işləri sahəsində əsas perspektivləri” adlı paneldə məruzə edib. “Özbək xalqının əlyazma irsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda” mövzusunda çıxış edən məruzəçi adı müəssisədə mühafizə olunan IX-XIX əsrlərdə yaşamış özbək, ərəb və fars dillərində qələmə alınan, tibb, farmakologiya, astronomiya, coğrafiya, məntiq, riyaziyyat, poetika, leksikoqrafiya, dinşünaslıq, poeziya və bədii nəsr sahələrinə aid özbək müəlliflərinin əsərlərinin, ümumilikdə 216 əlyazma nüsxəsini əhatə edən kataloq haqqında məlumat verib. Daha çox İbn Sina, Əlişir Nəvai, Abülqasim Bəlxi, Hüseyn Vaiz Kaşifi, Zəhirəddin Babur, Əbu Abdullah Məhəmməd Buxari və başqalarının unikallığı ilə seçilən nəfis əlyazma nüsxələri barədə konqres iştirakçılarında ətraflı təəssürat yaradıb.

 

Beynəlxalq konqres çərçivəsində alimlərimiz dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən əlyazma mərkəzlərinin nümayəndələri ilə də görüşlər keçirib.

 



26.07.2022 | 11:02