Fransalı şagirdlərə mobil telefonlar qadağan olundu

Artıq şagirdlərə siniflərə smartfonları, eləcə də planşet və "ağıllı saat"ları gətirməyi qadağan edən qanun qüvvəyə minib. Yeni qayda ibtidai və orta məktəblər üçün icbari xarakter daşıyır.  15-18 yaşlı yuxarı sinif şagirdlərinin  oxuduğu   təhsil müəssisələri isə adıçəkilən qurğuların məktəbdə qadağan olunmasına özləri qərar verəcəklər. Qanun layihəsinin təşəbbüskarı ölkənin  Təhsil Nazirliyidir. 

   

Nazirlikdə hesab edirlər ki, qadağalardan sonra  uşaqlar dərs məşğələlərinə daha çox diqqət ayıracaqlar. Bundan başqa, qanun  internetdə məktəblilərə qarşı təhqir və zorakılıq hallarına qarşı mübarizəyə kömək edəcək. Ölkənin təhsil naziri Jan-Mişel Blank sənədi  "XXI əsrin, rəqəmsal inqilab  dövrünün qanunu"  adlandırıb.    Avropa Birliyinin digər ölkələri də bu cür tədbirlər barədə  düşünür.  Məsələn, Danimarkada əhalinin  80 faizi  siniflərdə smartfonlardan istifadənin qadağan olunmasını  dəstəkləyir və bir çox məktəblər artıq eksperiment kimi qanunun tətbiqinə başlayıb.

 

Oruc MUSTAFAYEV



08.09.2018 | 10:31